Süni intellekt restoranları müştərisiz qoyur   – Səbəb isə budur

saytların hazırlanması

Evə çatdırılma

Süni intellekt restoranları müştərisiz qoyur – Səbəb isə budur

Sosial

13 Sentyabr 2026 20:40 130


Son illər restoranların xərcləri azaltmaq üçün süni intellektə üz tutması bu dəfə əks nəticə verib. Menyularda və reklamlarda istifadə olunan gerçəkdən uzaq yemək fotoları müştərilərdə narazılıq və inamsızlıq yaradır.

“Yeni Sabah” xəbər verir ki, artan xərclər restoranları reklam  üçün daha ucuz üsullar axtarmağa vadar edir. Bu səbəbdən bəzi restoranlar peşəkar fotoqraf əvəzinə süni intellekt alətlərindən istifadə etməyə başlayıb.

ABŞ Milli Restoran Assosiasiyasının məlumatına görə, restoran sahiblərinin təxminən 26 faizi, xüsusilə marketinq fəaliyyətində süni intellektdən yararlanır. Lakin süni intellektlə hazırlanan yemək fotoları istehlakçıların gözlədiyi reaksiyanı vermir. Dominos pizza

Süni intellektlə yaradılan bəzi fotolarda yeməklərin rəngləri həddindən artıq parlaq, quruluşu isə qeyri-real görünür. Çörək, makaron və digər məhsullar bəzən plastikə bənzəyir.

Sosial şəbəkələrdə yayılan belə görüntülər istifadəçilər arasında əyləncə mövzusuna çevrilsə də, bəzi insanlarda əksinə, narahatlıq yaradır.

Almaniyanın Duisburq-Essen Universitetinin tədqiqatçıları hesab edirlər ki, qeyri-adi görünən yeməklər insanlarda şüuraltı olaraq “bu qida təhlükəsizdirmi?” sualını yarada bilər.

Təbii görünən, lakin bəzi detalları qəribə olan yeməklər istehlakçı tərəfindən keyfiyyətsiz və ya zərərli kimi qəbul edilir. Bu isə onun hansı restorana üstünlük verməsinə də təsir göstərir.

Restoranların məqsədi foto və reklam xərclərini azaltmaq olsa da, süni intellektlə hazırlanmış görüntülər bəzi hallarda müəssisənin nüfuzuna zərər vurur. Xüsusilə fotoda həddindən artıq ideal göstərilən yeməyin müştəriyə təqdim olunan real porsiyadan fərqli olması narazılıq yarada bilər.

Bu vəziyyət restoranların müştərini aldadan reklamdan istifadə etməsi ilə bağlı müzakirələrə də səbəb olur.

Sahə üzrə mütəxəssislər süni intellektin işçi planlaması, xərclərin hesablanması və digər proseslərdə restoranlara kömək edə biləcəyini bildirirlər. Lakin söhbət birbaşa məhsulun təqdimatından gedəndə daha diqqətli olmaq tövsiyə edilir.

Aşpazlar da süni intellektin yaratdığı qüsursuz və həddindən artıq ideal yeməklərin real həyatda eyni formada hazırlanmasının mümkün olmadığını vurğulayırlar.

Peşəkar fotoqrafa böyük büdcə ayıra bilməyən kiçik restoranlara isə sadə həll təklif olunur: yeməkləri telefonla təbii şəkildə çəkmək və real görüntülərdən istifadə etmək.

Çünki müştəri üçün əsas məsələ menyudakı yeməyin fotoda mükəmməl görünməsi deyil. Əsas olan sifariş etdiyi yeməyin həqiqətən də fotodakı kimi görünməsi və iştahaaçan olmasıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!