“Sabah Şuşaya gedirəm, şəhid əsgərimizin düşdüyü torpağa diz çöküb düşünməyə...”

saytların hazırlanması

Evə çatdırılma

“Sabah Şuşaya gedirəm, şəhid əsgərimizin düşdüyü torpağa diz çöküb düşünməyə...”

Sosial

28 Avqust 2021 22:44 2105


Sabah Şuşaya gedirəm. Necə deyərlər, insan həm yoldur, həm yolçu, həm də mənzil. Bu dəfə yolçu durumundayam. Yolum Qarabağ, mənzilim Şuşa olacaq. Adətən bu cür təəssüratları səfərdən sonra yazırlar. Ola bilsin ki, dönüşdən sonra da müşahidələrimi yazdım. Ancaq burada əsas məqam "sabah"la bağlıdır. Bizim millətin "sabah" anlayışı heç şübhəsiz ki, Mirzə Fəthəlidən başlayır. İlk əsərlərini qələmə aldığında götürdüyü təxəllüs olan "Səbuhi" sabahın carçısı deməkdi. Burada heç bir təsadüf olmur. Keçmişi tam qaranlıq, bu günü bulanıq bir xalq üçün sabahdan başqa ümidverici mənzil tapmaq mümkün deyildi. Ona görə də Mirzə Fəthəli keçmişə və bu günə işləmədi, sabaha işlədi və bu millətə o sabahı söyülərək, döyülərək gətirməyə çalışdı. 

Bizim də ömrümüzdə bu cür sabahlar az olmayıb. Daha xatırlanmağa layiq olanların içində hansı sabahlar yox ki?

Sabah məktəbə gedirəm! Marqarita pizza

Sabah qəbul imtahanına gedirəm!

Sabah əsgərliyə gedirəm!

Sabah Bakıya gedirəm!

Sabah Təbrizə gedirəm!

Sabah Həcc ziyarətinə gedirəm!

"Sabah Şuşaya gedirəm!" bir yolçu kimi bəlkə də ömür yolumda gözlədiyim sabahların hamısının məcmusu ola bilər. Çünki "Sabah Şuşaya getmək!" bir yolçu üçün ruhani ibadət dəyərində bir hədəfdir. Təkcə ona görə yox ki, ötən ilin noyabrında bir möcüzə baş verib və Şuşa kimi milli dəyərimiz olan bir şəhər bizə qayıdıb və belimizin onurğa sütunu düzəlib. Həm də ona görə ki, Şuşa bizim sabah gedəcəyimiz qəbul imtahanıdır. Məhz Şuşanın önümüzə qoyduğu sualları cavablandımamızla Sabahın Azərbaycanına gedişimiz müəyyən olunacaq.

Şuşada məni ilk gəzintiyə xalq yazıçısı Bayram Bayramov aparıb. "Cıdır düzü" romanı ilə. İnanmıram ki, Azərbaycan ədəbiyyatında hansısa əsərdə Şuşanın bu dərəcədə zərafətli, müdhiş metaforalarla təsviri verillsin. Ardınca Yusif Vəzir Çəmənzəminlinin "Bir cavanın xatirələri"ndə Şuşanın real insan tablosunu doyunca yaddaşıma yığmışam. Ardınca millətimizin gəlmiş-keçmiş ən böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlunun xatırələri... Rus-tatar məktəbində 400-dən artıq erməni uşağına qarşı tək vücud dirəniş ortaya qoyan və bu məktəbi bitirən qəhrəman oğul. Bu gün də olduğu kimi dünən də din adına cahil və qatil yetişdirilən məmləkətdə onun da taleyi fərqli ola bilərdi və az qala Azərbaycan böyük bir dühadan məhrum olacaqdı. Atası molla olmasında israr edir və Şuşa mühitində bir aqil ana obrazı "sabah"ı görməkdə qətiyyətini ortaya qoyaraq yaxasındakı boyunbağıdan qonşudakı müəllimə hər ay bir onluq qızıl qoparıb verərək gizli şəkildə oğlunun bilik almasını təmin edir. Və sonda Əhməd bəy 450 erməni uşağı ilə illərlə savaş içində öz xalqının adına təkbaşına rus-tatar məktəbini bitirmə qəhrəmanlığı göstərir. Burada bir haşiyə də çıxım ki, niyə Şuşada sayı ermənidən üç dəfə çox olan millətimizin yalnız bir övladına qarşılıq 450 erməni uşağı müasir məktəbdə oxumaqda idi? Anlaşıldığı kimi, kafir məktəbində uşaq oxutmamaq adətimiz sonrakı məğlubiyyətlərimizin də əsas səbəbi olacaqdı.

Ardınca Tacirin Qarabağ şikəstəsində Şuşanın səsinin rəngini duyduq. Ardınca Ali Baş komandan İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" hayqırışı... Və ən sonda da Şuşa uğrunda dünənimizin və bugünümüzün şəhidləri, qaziləri bizə Şuşa yolçusu olmağı nəsib etdi.     

Mənim üçün Şuşanın dəyəri bilirsiniz haradan başlayır? Azərbaycanda modern tipli ilk məktəb, yəni rus qəza məktəbi 1830-cu ildə məhz Şuşada açılmışdır. Yəni İran bataqlığından qopduğumuz, mədəni miladımızın başladığı Türkmənçay müqaviləsindən cəmi iki il keçmiş. Ardınca Nuxada, Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda bu model məktəblər yaradıldı. Bu məktəblərdə rus dili, hesab, coğrafiya və şəriət dərsləri keçirilirdi. Demək Şuşa məktəb, təhsil mədəniyyətimizin başladığı bir şəhərdir. Ona mədəniyyət paytaxtımız demək bəlkə də buradan qaynaqlanır. Ancaq İslam mədəniyyətinin paytaxtı metaforası burada gerçəkliyi əks etdirmir. Çünki bu tarixə qədər də bizim toplum məhz İslam deyilən "mədəniyyəti"nin içindəydi və həmin "mədəniyyət" günümüzdə olduğu kimi iki kateqoriya insan yetişdirirdi: cahil və qatil! Yetişən tək-tük aqillər isə məhz bu mədəniyyətin xaricinə çıxmaqla yeni insan obrazında formatlaşa bilmişdilər.  Yalnız 1879-cu ildə yerli maarifpərvərlərin, xüsusilə də Mirzə Fəthəlinin səyləri və təşəbbüsü ilə üç il öncə açılmış Qori Müəllimlər seminariyasında sonralar azərbaycanlı adlandıracağımız Qafqaz tatarları üçün Müsəlman şöbəsi təsis edildi. Məhz bu ildə Şuşada həm də daha müasir real məktəb açıldı.

Yəni Şuşa bizim məktəb şəhərimizdir. Bir mədəniyyət ki, məktəbdən başlamır, ondan ancaq daş-divar, qala, saray qalar. Məktəbdən başlayan mədəniyyətin yekunu müstəqil dövlət, mədəni millət olur. Ona görə də biz Şuşanı daş olaraq, divar olaraq deyil, məktəb olaraq, universitet, konservatoriya olaraq dirçəltməliyik. Şuşanı eyni zamanda canlı şəxsiyyət olaraq dirçəltməliyik. Şuşanın simvolu nə Cıdır düzü, nə İsa bulağı, nə də Gövhər Ağa məscididir. Onun simvolu Əhməd Ağaoğludur, Üzeyir bəydir, Yusif Vəzir Çəmənzəminlidir. Və başqa böyük kimliklərdir.

Sabah Şuşaya gedirəm. İlk dəfə. İlk öncə onlarla görüşməyə. Bir də şəhid əsgərimizin düşdüyü torpağa diz çöküb düşünməyə. Və bir də; "Əziz Şuşa, sən öz azadlığınla bizi də sabahın töhmətindən azad etmisən!" deməyə...

Yolumuz açıq olsun! Bunu tək özümə demirəm, hamımıza deyirəm! Məgər hamımız eyni müqəddəs mənzilə gedən yolçu deyilik?

Fazil Mustafa, Millət vəkili


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!