“Cənab Prezidentin aidiyyəti sərəncamını dəstəkləyirəm. Həqiqətən bu işlərin görülməsi vacib və lazımdır. Amma təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti vaxtilə sel olan yerlərdə, qurudulmuş göl ərazilərində evlərin tikintisinə icazə verib. Axı bu düzgün deyil”.
Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış memar Elçin Əliyev deyib.
O bildirib ki, dövləti faktiki olaraq, öz hesabına qanunsuz və lazım olmayan yerlərdə tikilən binaların təhlükəsizliyi üçün pul ayırır:
“Dövlət orqanları çox gözəl bilir ki, insanların belə ərazilərində ev tikməsinə göz yumanda, bunun axırı pis olacaq. Mövsümi yağışlar zamanı qurudulmuş göl əraziləri yenidən su ilə dolur. İstinad divarlarının tikintisi nəyə görə lazımdır? Əgər əmlak normal və icazəli şəkildə tikilibsə, bütün təbii fəlakət faktorları nəzərə alınıb. Binalar tikilən zaman, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, rəsmi layihələrlə təsdiqlənir. Bu zaman bina keyfiyyətli tikilir. Belə çıxır ki, Azərbaycan dövləti öz hesabına faktiki olaraq, qanunsuz və lazım olmayan yerlərdə tikilən binaların təhlükəsizliyi üçün pul ayırır. Bu, bir tərəfdən dövlətin vətəndaşlara olan qayğısıdır. Amma digər tərəfdən, necə imkan verilib ki, qanunsuz və layihəsiz binalar tikilib? Burada bir paradoks var”.
Memar vurğulayıb ki, paytaxtın əsas problemi yağış kanalizasiyasının yoxluğudur:
“Bakıda əsas problem yağış kanalizasiyalarının olmamasıdır. Məsələn, Nardaran qəsəbəsində təzə yol inşa edilib. Axırıncı yağışlarda bu yol suyun altında qaldı. Deməli yeni inşa edilən yola da nəzarətsizlik olub. Mən əminəm ki, bu yolun layihəsi olduqca yüksək səviyyədə hazırlanıb. Amma necə tikilibsə, təzə yol yenə suyun altında qalır. Məncə, ayrılan vəsaitlə paytaxtın kanalizasiya məsələsi həll olunmalıdır. Bu istiqamətdə işləmək lazımdır. Problem kökdən həll edilməlidir, müvəqqəti yox”.
Qeyd edək ki, Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.
Nazim Hacıyev
Telegram kanalımız