Bəzən sağlamlıqla bağlı nəticələr üçün böyük dəyişikliklərə ehtiyac olmur. Yeni araşdırma göstərib ki, yaxın olduğunuz insanla birlikdə yemək yemək orqanizmin qida qəbuluna reaksiyasına təsir edə bilir.
“Yeni Sabah” xəbər verir ki, araşdırmaya əsasən, insanın sevdiyi biri ilə yemək yeməsi təkbaşına yeməklə müqayisədə yeməkdən sonra qanda şəkərin daha aşağı qalmasına kömək edir. Araşdırma zamanı iştirakçılara eyni tərkibli karbohidratlı yemək verilib. Onlardan bir qismi yeməyi tək, digər qismi isə həyat yoldaşı və ya yaxın olduğu insanla birlikdə yeyib.
Nəticələr göstərib ki, yaxın insanla birlikdə yemək yeyənlərdə qanda şəkərin yüksəlməsi daha az olub. Həmçinin qan şəkəri daha qısa müddətdə əvvəlki səviyyəsinə qayıdıb. Dominos pizza
Qüds İbrani Universitetinin alimlərinin apardığı bu araşdırma “Science Advances” jurnalında dərc olunub. Tədqiqatçılar bu nəticəni insanların sosial təbiəti ilə əlaqələndirirlər. Onların fikrincə, insan özünü yaxın hiss etdiyi şəxsin yanında olduqda orqanizm daxili tarazlığı qorumaq üçün daha az enerji sərf edə bilər. Araşdırmanın əsas müəllifi, universitetin əməkdaşı Şir Atzil bildirib ki, əvvəllər insan orqanizminin xarici mühitdən asılı olmayaraq özünü tənzimləyən müstəqil sistem olduğu düşünülürdü. Onun sözlərinə görə, əldə edilən nəticələr insan fiziologiyasının sosial xarakter daşıdığını göstərir.
Araşdırmada sosial yaxınlığın təsirinin yalnız qan şəkəri ilə məhdudlaşmadığı da müəyyən edilib. Yaxın insanın yanında olmaq soyuğa məruz qalan şəxslərin bədən temperaturunu daha yaxşı tənzimləməsinə kömək edib. Həmçinin həm böyüklərdə, həm də körpələrdə stresə reaksiyanın daha zəif olduğu müşahidə olunub. Tədqiqatçılar bu təsirlərin fiziki təmas olmadan da ortaya çıxdığını bildiriblər. Onların fikrincə, nəticələri yalnız stresin azalması ilə izah etmək mümkün deyil.
Əsmətxanım Rzazadə
Telegram kanalımız