Niderlandın Məlumatların Mühafizəsi İdarəsi “Uber” şirkətinə sürücülərin hesablarının avtomatlaşdırılmış sistem vasitəsilə deaktiv edilməsi ilə bağlı 825 milyon avro cərimə tətbiq edib.
“Yeni Sabah” xəbər verir ki, bu məbləğ təxminən 966 milyon dollara bərabərdir.
Sözügedən cəza Avropada Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR) əsasında indiyədək tətbiq olunan ən böyük ikinci cərimədir. pizza hut
Niderland tənzimləyicisinin araşdırması zamanı müəyyən edilib ki, “Uber” bəzi sürücülərin hesablarını kifayət qədər əvvəlcədən məlumat vermədən və insan müdaxiləsi olmadan avtomatik sistemlər vasitəsilə bağlayıb.
Qurumun sədr müavini Monik Verdye bildirib ki, bu cür ciddi nəticələr doğuran qərarların yalnız kompüter sistemi tərəfindən qəbul edilməsi yolverilməzdir. Onun sözlərinə görə, şirkət məlumatların qorunması ilə bağlı ciddi pozuntulara yol verib.
“Uber” isə tənzimləyicinin qərarı ilə razılaşmayıb. Şirkət hesabların deaktiv edilməsinin əksər hallarda müvəqqəti xarakter daşıdığını, heç bir sürücünün hesabının insan tərəfindən yoxlanılmadan daimi şəkildə bağlanmadığını və sürücülərin qərarlara etiraz etmək imkanının olduğunu bildirib.
Şirkət cərimənin məbləğini həddindən artıq hesab edir və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Araşdırmaya keçmiş “Uber” sürücülərinin şikayətləri səbəb olub. Sürücülərə rəqəmsal hüquqların müdafiəsi üzrə fəaliyyət göstərən İsveçrənin “PersonalData.io” qeyri-kommersiya təşkilatı dəstək verib.
Telegram kanalımız