“Xalqın uşağı” kimdir? - Psixoloqdan mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Xalqın uşağı” kimdir? - Psixoloqdan mühüm açıqlama

Sosial

23 Noyabr 2026 10:46 54


“Xalqın balasına bax, gör necə oxuyur”, “Filankəsin uşağı səndən balacadır, amma hər şeyi bacarır”, “Bir az da ondan nümunə götür”… Azərbaycan ailələrində uşaqlara tez-tez deyilən bu sözlər bəzən adi valideyn iradı kimi qəbul olunur.

Bəs uşağı başqa uşaqlarla müqayisə etmək onun psixologiyasında hansı izləri buraxır?

“Yeni Sabah” məsələni pedaqoq-psixoloq Zeynəb Əyyubova ilə müzakirə edib. O bildirib ki, hər bir uşaq fərqli xarakterə, qabiliyyətlərə və inkişaf tempinə malikdir: Onlayn mağaza

“Uşaqları başqa uşaqlarla müqayisə etmək, təəssüf ki, cəmiyyətimizdə geniş yayılmış valideyn davranışlarından biridir. “Filankəsin uşağı səndən yaxşı oxuyur”, “Qonşunun uşağına bax, hər şeyi bacarır”, “Sən niyə onun kimi deyilsən?” kimi ifadələr valideynlər tərəfindən bəzən adi irad, bəzən də motivasiya vasitəsi kimi istifadə olunur.

Lakin unutmamalıyıq ki, bu sözlər uşağın psixoloji dünyasında düşündüyümüzdən daha dərin izlər buraxa bilər. Hər bir uşaq fərqli xarakterə, fərqli qabiliyyətlərə və fərqli inkişaf tempinə malikdir. Bir uşağın akademik göstəricisi yüksək ola bilər, digəri idmanda, incəsənətdə və ya ünsiyyət bacarıqlarında daha uğurlu ola bilər. Buna görə də uşaqları eyni meyarlarla qiymətləndirmək və bir-biri ilə müqayisə etmək düzgün yanaşma deyil.

Valideyn uşağını başqa biri ilə müqayisə etdikdə, əslində ona şüuraltı şəkildə belə bir mesaj ötürə bilər: “Sən olduğun kimi kifayət qədər yaxşı deyilsən”. Uşaq zamanla özünü dəyərsiz hiss edə, valideyninin sevgisini və təsdiqini qazanmaq üçün daim başqalarından üstün olmağa çalışa bilər”.

Psixoloq qeyd edib ki, uşaqları daim başqaları ilə müqayisə etmək onların özünəinamını azalda, özlərini başqalarından geri hiss etmələrinə və uğursuzluqdan qorxmalarına səbəb olur:

“Davamlı müqayisə uşaqlarda özünəinamın zəifləməsinə, uğursuzluq qorxusuna, qısqanclığa, natamamlıq hissinə və başqalarının fikrindən həddindən artıq asılılığa səbəb ola bilər. Belə uşaqlar böyüdükcə öz bacarıqlarını görməkdə çətinlik çəkə, əldə etdikləri uğurları belə yetərli hesab etməyə bilərlər. Bəzi uşaqlarda isə əks reaksiya yaranır: onlar valideynin gözləntilərinə cavab verməkdən imtina edir, özlərinə qapanır və ya aqressiv davranışlar nümayiş etdirirlər.

Burada xüsusilə bir məqamı vurğulamaq istəyirəm: valideynin niyyəti uşağı həvəsləndirmək olsa da, uşağın həmin sözləri necə qəbul etməsi tamamilə fərqli ola bilər. Valideyn düşünür ki, müqayisə etməklə övladını daha çox çalışmağa sövq edir. Amma uşaq bunu çox zaman tənqid, rədd edilmə və sevgisinin şərtləndirilməsi kimi qəbul edir.

Məsələn, uşaq imtahandan 4 qiyməti alır. Valideyn isə onun əməyini qiymətləndirmək əvəzinə “Filankəs niyə 5 alıb, sən niyə ala bilmədin?” deyir. Bu zaman uşaq öz nəticəsinə sevinmək əvəzinə özünü uğursuz hesab etməyə başlayır. Halbuki valideyn “Bu dəfə yaxşı çalışmısan, növbəti dəfə daha yaxşı nəticə əldə etmək üçün birlikdə hazırlaşarıq” desə, uşağın həm motivasiyası, həm də özünəinamı qorunmuş olar.

Mən valideynlərə tövsiyə edərdim ki, övladlarını başqa uşaqlarla deyil, özlərinin əvvəlki inkişaf mərhələsi ilə müqayisə etsinlər. Məsələn, “Keçən dəfə bunu bacarmırdın, indi isə artıq öyrənmisən”, “Sənin bu istiqamətdə inkişaf etdiyini görürəm”, “Çalışmağın mənim üçün çox dəyərlidir” kimi ifadələr uşağın daxili motivasiyasını gücləndirir.

Digər vacib məqam isə uşağın yalnız nəticəsini deyil, göstərdiyi səyi də qiymətləndirməkdir. Çünki hər zaman uğur qazanmaq mümkün deyil. Uşaq bilməlidir ki, səhv etmək, məğlub olmaq və nəyisə bacarmamaq həyatın təbii hissəsidir. Əsas məsələ həmin vəziyyətdən nəticə çıxarmaq və yenidən cəhd etməkdir.

Bəzən valideynlər özləri də uşaqlıq dövründə müqayisəyə məruz qalırlar və fərqində olmadan həmin davranışı öz övladlarına ötürürlər. “Mənə də belə deyiblər, mən də belə böyümüşəm” düşüncəsi bu davranışı normallaşdıra bilər. Amma hər nəsil əvvəlkinin tərbiyə üsullarını təkrarlamaq məcburiyyətində deyil. Valideyn öz davranışını analiz etməli, uşağın emosional ehtiyaclarını nəzərə almalıdır”.

Onun sözlərinə görə, uşaq valideynlərinin sevgisini qazanmaq üçün başqalarından üstün olmağa deyil, olduğu kimi qəbul edilməyə ehtiyac duyur:

“Unutmayaq ki, uşağın ən böyük ehtiyaclarından biri qəbul olunmaq və olduğu kimi sevilməkdir. O, valideyninin sevgisini qazanmaq üçün mütləq sinifdə birinci olmalı, başqa uşaqlardan daha bacarıqlı görünməli deyil.

Mənim valideynlərə əsas tövsiyəm budur: övladınıza başqası kimi olmağı deyil, özünün ən yaxşı versiyasına çevrilməyi öyrədin. Çünki bizim məqsədimiz uşaqları bir-biri ilə yarışdırmaq deyil, onların öz potensiallarını kəşf etmələrinə, sağlam özünəinam formalaşdırmalarına və xoşbəxt fərdlər kimi yetişmələrinə dəstək olmaqdır.müqayisə uşağa özünü başqasının gözü ilə qiymətləndirməyi, sevgi və dəstək isə öz dəyərini tanımağı öyrədir”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!