Dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, "The Guardian" qəzetinin yazdığına görə, mümkün əməliyyat yalnız hava zərbələri və dəniz əməliyyatlarını deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər.
Nəşrin məlumatına görə, Ər-Riyad belə bir əməliyyatı Qırmızı dənizin cənub hissəsindən keçən neft tədarük marşrutlarına təzyiqi azaltmaq vasitəsi kimi qiymətləndirir. pizza hut
Yəməndəki mənbələrin bildirdiyinə əsasən, Səudiyyə Ərəbistanı ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətinin nəzarətində olan şərq bölgələrindən bəzi hərbi hissələri geri çəkir. "The Guardian" yazır ki, həmin qüvvələr husilərə qarşı planlaşdırılan mümkün əməliyyata cəlb oluna bilər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarından gəmiçiliyi qorumaq məqsədilə beynəlxalq dəniz koalisiyası yaratmaq istiqamətində də fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləyib.
Ər-Riyad həmçinin ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya da daxil olmaqla bir sıra Qərb ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıb.
Gərginlik necə artıb?
Məqalədə bildirilir ki, gərginliyin yeni mərhələsi iyulun 20-də husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə blokada elan etməsindən sonra başlayıb.
Yəmənin paytaxtı Səna və Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən husilər bütün gəmilərdən keçid haqqı almaq niyyətində olmadıqlarını bildiriblər. Onlar bəyan ediblər ki, yalnız Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə tətbiq etdiyi blokadanı aradan qaldıracağı təqdirdə öz blokadalarını dayandıracaqlar.
"The Guardian" xatırladır ki, Səudiyyə Ərəbistanı 2015-ci ildən etibarən Yəməndəki vətəndaş müharibəsinə beynəlxalq səviyyədə tanınmış hökuməti dəstəkləmək məqsədilə müdaxilə edib.
O vaxtdan bəri tərəflər arasında dəfələrlə silahlı toqquşmalar baş versə də, cəbhədə qüvvələr balansı uzun müddət ciddi şəkildə dəyişməyib. Lakin nəşrin məlumatına görə, son bir ay ərzində bu nisbi tarazlıq pozulmağa başlayıb.
İyulun 25-də husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirdiklərini açıqlayıblar. Onların iddiasına görə, ölkənin şərqindəki yataqlardan Qırmızı dənizdəki ixrac terminalına neft nəqlini təmin edən mühüm obyektlər hədəfə alınıb.
"The Guardian" vurğulayır ki, ABŞ-İran–İsrail müharibəsinin başlamasından sonra Qırmızı dəniz marşrutunun strateji əhəmiyyəti daha da artıb. Nəşrin qiymətləndirməsinə görə, əgər bu marşrut da Hörmüz boğazı kimi bağlanarsa, Səudiyyə Ərəbistanının neft ixrac imkanları ciddi şəkildə məhdudlaşa bilər.
Mənbələrin sözlərinə görə, hazırkı qoşunların yenidən yerləşdirilməsi husilərin 2020–2021-ci illərdə nəzarətə götürdüyü Yəmənin mərkəzi-cənub hissəsində yerləşən Əl-Beyda əyalətinə mümkün hücum hazırlığı ilə bağlı ola bilər.
Eyni zamanda, Ər-Riyad öz ərazisini və neft infrastrukturunu müdafiə etməyə hazır olduğunu nümayiş etdirməyə çalışır. Bununla yanaşı, Səudiyyə Ərəbistanı İranla birbaşa qarşıdurmanın dərinləşməsində maraqlı olmadığını bildirir və Tehranla Vaşinqton arasında fikir ayrılıqlarının diplomatik yollarla həll oluna biləcəyini hesab edir.
Bundan əlavə, Oman və İran arasında Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Telegram kanalımız