Əməkdar artist Elxan Rzayevin “Sənət adamları üçün xüsusi bina tikilsin” çağırışına ikiəlli dəstək verən həmkarları var.
“İpoteka məsələsi elədir ki, aktyor və ya teatr işçisi aldığı maaşı bütövlükdə ipotekaya verəcək. Bu məsələ, məncə, teatrda çalışanlar üçün o qədər də keçərli deyil. Yenə də hər bir halda çox istərdim ki, dövlət incəsənət adamlarına hansısa dəstək göstərilsin və onların da mənzil məsələsi həll olunsun”.
Bunu “Yeni Sabah”a Əməkdar artist Nicat Kazımov deyib. Marqarita pizza
Onun sözlərinə görə, teatr akyoru olma çox elit peşədir və bu peşə ilə məşğul olan insanın fikri maliyyə problemlərinə yönəlməməlidir:
“Necə ki, jurnalistlərə, yazıçılara və başqa sahələrdə çalışan şəxslərə evlər verilirdi, o cümlədən teatr işçiləri də nəzərə alınsa və onların mənzil problemləri həll olunsa, yaxşı olar. Belə bir addım həm gənclər, həm də yaşlı sənətçilər üçün əlverişli olar.
Doğrudur, evi olan aktyorlarımız da var. Lakin elələri də var ki, hələ də ev ala bilməyib.
Əlbəttə, bu o demək deyil ki, teatrda çalışan hər kəsə ucdantutma ev verilsin. Ən azından illərdir səhnədə fəaliyyət göstərən, peşəsində öz sözünü demiş sənət adamlarını ruhlandırmaq və onları daha yaxşı işlər görməyə təşviq etmək üçün belə bir addım atmaq olar. Bu, həm də bu sahədə çalışan hər kəs üçün stimul olar”.
Əməkdar artist qeyd edib ki, özü də uzun müddət xanımının valideynləri ilə birlikdə yaşayıb:
“Teatr Xadimləri İttifaqının bu məsələ ilə bağlı nə düşündüyünü bilmirəm, çünki həmin ittifaqın üzvü deyiləm. Amma belə bir təşəbbüs olsa, yaxşı olardı. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının hətta istirahət məkanları var. Sağ olsunlar, bu şəraiti yaradıblar. Yazıçılar və bəstəkarlar müəyyən müddət ərzində Şabranda dincəlirlər. Bizim isə bir yerə toplaşmağa belə məkanımız yoxdur. Bunların hamısı arzulardır”.
Xatırlatma: Əməkdar artist Elxan Rzayev bundan əvvəl dövlət dəstəyi ilə incəsənət sahəsində çalışan şəxslər üçün ayrıca ipoteka proqramının həyata keçirilməsinə ehtiyac olduğunu bildirib:
“10 gündür Bakıda kirayə mənzil axtarıram. Nə şəhərin mərkəzində,nə də kənar ərazilərdə ürəyimcə olan bir mənzil tapa bilmirəm. O qədər "əmma" var ki, desəm, bitməz”.
O qeyd edib ki, dövlət dəstəyi ilə incəsənət sahəsində çalışan insanlar üçün ayrıca ipoteka proqramı həyata keçirilməsinə ehtiyac var:
“İncəsənət adamları da orada yaşaya bilərdilər. Amma məsələ bununla da bitmir. Kirayə mənzillərə baxırsan, görürsən ki, yaşadığın mənzilin eyvanı ilə qonşunun eyvanı arasında demək olar ki, məsafə yoxdur əlini uzatsan, o biri eyvana çata bilərsən.
Mən isə belə məsələlərdə çox həssasam. Mənim üçün bir mənzildən digər mənzilin içinin və ya eyvanının görünməsi yolverilməzdir.
Çox xırda detallara varmaq istəmirəm. Ona görə də hələlik istədiyim kirayə mənzili tapa bilməmişəm”.
Aydan Hacı
Telegram kanalımız