Alternativdən qorxuruq? – “Sabah” ətrafındakı qalmaqalın əsl səbəbi

saytların hazırlanması

Evə çatdırılma

Alternativdən qorxuruq? – “Sabah” ətrafındakı qalmaqalın əsl səbəbi

İdman

23 Aprel 2026 12:16 397


Biz yeniliyə açıq olmayan insanlarıq. Yeni olan heç nəyi qəbul edə bilmirik. Onu rədd edirik, söyürük, pisləyirik. Ənənəvi olanlara çox sədaqətliyik. Bu sədaqətin arxasında əksər hallarda təəssüf ki, neqativ amillər, düşüncə ətaləti dayanır.

Bunu anlamağa çalışırsan, amma anlaya bilmirsən. Məsələyə həmin adamların tərəfindən baxmağa çalışırsan, onların gördüyünü görə bilmirsən. Adam qalır odla su arasında ki, görəsən, mən niyə bu qədər koram ki, onların gördüyünü görə bilmirəm. Onların düşündüyü kimi düşünə bilmirəm ki, məsələnin mahiyyətini anlaya bilim.

Mən futbol azarkeşi deyiləm, futbolla bağlı anlayışım da çox güman ki, primitiv səviyyədədir. Amma hərdən təsadüf elə gətirir ki, hansısa oyuna baxmalı oluram.

Bir müddət əvvəl “Sabah” komandasının oyununu izlədim. Bir daha deyirəm, komandanın texniki, taktiki bacarıqlarını şərh etmək qabiliyyətindən çox uzağam. Amma sadə tamaşaçı kimi gördüyüm bir şey var idi: bu komanda fərqli oynamağa çalışır və bacarır.

Onların oyunundan zövq aldım. Gənc komanda, dinamik oyun, risk, seçmə oyunçular (hər halda mənə elə gəldi, çünki “Sabah”ın futbolçuları ilə rəqib komandanın oyunçuları arasında çox ciddi boy fərqi vardı) və stadionu coşduran manevrlər. Yəni futbolun estetikası deyilən gözəlliyi bu komandanın oyununda gördüm.

Bu qədər futbol biliksizliyimlə hələ uzun müddət əvvəl izlədiyim o oyunda belə qənaətə gəlmişdim ki, yaşıl meydanda bir alternativ yetişir. İllərlə eyni oyun üslubuna, eyni nəticələrə öyrəşmiş futbol mühitində bu yeni nəfəs kimi görünür.

Dünəndən “Qarabağ”la “Sabah”ın oyunu haqda müzakirələr gedir. Oyunla bağlı xeyli mübahisəli məqamlar var. Amma nəticədə hakimlər qərar veriblər. Qərar “Sabah”ın xeyrinədir.  

Mən ictimai müzakirənin tərəfdarıyam. Hətta ədalətsizlik varsa, ictimai təzyiqin olmasını vacib hesab edirəm. Lakin hakimin qərarına görə komandanı ittiham etmək, qaralamaq, aşağılamaq və hətta uzağa gedib bu komandanın adı ilə, gələcəyi ilə məzələnməyi düzgün saymıram.

“Qarabağ” illərdir ölkəmizin alternativsiz futbol komandasıdır. Futbol adına, ölkə adına duyduğumuz qürurda “Qarabağ”ın böyük zəhməti var. İllər sonra ortaya bir alternativ komanda çıxıbsa, bundan narahat olmaq lazım deyil. Bəlkə də bizim problemimizin kökündə dayanan ən vacib məsələlərdən biri alternativsizlik, rəqabətsizlikdir. Rəqabət olmayanda inkişaf necə ola bilər ki?! Qoy “Qarabağın” bir yox e, 5-6 güclü rəqibi olsun. O rəqiblərin qapısından top keçirmək üçün gecə-gündüz çalışsın, yollar axtarsın, daha da güclənsin. Bundan narahat olmaq lazım deyil.

Əgər “Sabah” kimi komandalar üzərində bu cür təzyiq və aqressiya davam edərsə, biz yenə də eyni nöqtəyə qayıdacağıq: alternativsizliyə. Alternativ olmayanda isə inkişafdan danışmaq sadəcə özümüzü aldatmaqdır. Yəni burada problem “Sabah” deyil. Problem bizim yeniliyə münasibətimizdir. Bir daha təkrar edirəm: Alternativ yoxdursa, inkişaf da yoxdur.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!