İstiotun tərkibində normadan artıq zəhərli maddə, pendirdə bağırsaq çöpləri, bitki çayında isə təhlükəli bakteriya… Bunlar ehtimal deyil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı yoxlamaların nəticələridir.
“Yeni Sabah” xəbər verir ki, Agentliyin son illərdə yaydığı məlumatları və təhlükəli məhsulların açıq reyestrini araşdırdıqda müxtəlif qida qruplarında uyğunsuzluqların qeydə alındığı görünür. Bəzi məhsulların tərkibində insan sağlamlığı üçün risk yarada bilən mikroorqanizmlər və zəhərli maddələr aşkarlanıb, digərlərində isə istehlakçıya təqdim edilən tərkiblə faktiki tərkibin fərqli olduğu müəyyənləşdirilib.
Araşdırma zamanı xüsusilə diqqət çəkən məqam odur ki, söhbət təkcə xarab olmuş qidalardan getmir. Bəzi hallarda məhsulun üzərində yazılan məlumatlar onun həqiqi tərkibini əks etdirməyib, bəzi hallarda isə laborator müayinələr qida təhlükəsizliyi baxımından ciddi uyğunsuzluqlar üzə çıxarıb. Dominos pizza
Məhsulların bəzi partiyaları satışa çıxarılmamış saxlanılıb, bəziləri isə dövriyyədən geri çağırılaraq məhv edilib.
2023-2025-ci illər üzrə AQTA-nın rəsmi açıqlamalarında göstərilən konkret nümunələr:
Qırmızı istiot və qovrulmuş araxis —2024-cü il
AQTA-nın həmin tarixdə yaydığı məlumata görə, Özbəkistandan gətirilən 10,2 ton üyüdülmüş qırmızı istiotda, həmçinin Çindən idxal olunan 25,1 ton qovrulmuş araxisdə aflatoksin B1 maddəsinin miqdarı normadan artıq olub. Aflatoksin B1 bəzi kif göbələklərinin yaratdığı zəhərli maddədir. Qida ilə orqanizmə daxil olması sağlamlıq üçün ciddi risk yarada bilər. AQTA hər iki məhsul partiyasının istehlaka yararsız hesab edildiyini və məhv olunduğunu bildirib.
Mozarella pendiri — 2024-cü il
Türkiyədən gətirilən “Kaanlar” əmtəə nişanlı mozarella pendirinin 720 kiloqramlıq partiyasında E. coli bakteriyası aşkarlanıb. E. coli bəzi hallarda bağırsaq infeksiyalarına səbəb ola bilən bakteriyadır. Onun aşkarlanması məhsulun mikrobioloji təhlükəsizlik tələblərinə cavab vermədiyini göstərib. AQTA həmin partiyanın məhv edildiyini açıqlayıb.
“Minceur Form Tea” bitki çayı —2025-ci il
Arıqlama məqsədilə istifadə olunan bitki çayları ilə bağlı da narahatedici fakt qeydə alınıb. Türkiyədən idxal edilən “Minceur Form Tea” adlı, nar çiçəkli bitki çayının nümunələrində E. coli bakteriyası aşkarlanıb.
AQTA ümumi çəkisi 67,2 kiloqram olan 240 qutu çayın məhv edildiyini bildirib. Bu hadisə arıqlama vədi ilə satılan məhsulların da avtomatik olaraq təhlükəsiz hesab edilə bilməyəcəyini göstərmişdi.
“Herbalfarma Medexsper” —2025-ci il
Türkiyədən gətirilən “Herbalfarma Medexsper, Kapsul N30” adlı bioloji fəallığa malik qida əlavəsinin 3840 qutudan ibarət partiyası da yoxlamaya düşüb. Laborator müayinələr zamanı tərkibindəki E vitamini və sink qlükonatın miqdarının normativlərə uyğun olmadığı müəyyən edilib. AQTA partiyanın məhv olunması barədə qərar qəbul edib.
Dondurulmuş toyuq əti —2025-ci il
Rusiyadan idxal edilən “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb. AQTA-nın məlumatına görə, “Qurman Plyus” MMC-nin idxal etdiyi məhsullardan ümumilikdə 2035,99 kiloqram toyuq budu və 2882 kiloqram toyuğun bud dibi məhv edilib. Salmonella qida zəhərlənməsinə səbəb ola bilən bakteriyadır. Bu hadisədə də yoxlama nəticəsində uyğunsuzluq müəyyənləşdirilib və məhsul partiyaları məhv edilib.
Kərə yağı adı ilə bitki yağı, satışa yararsız tum və digər faktlar
Kərə yağı adı ilə satılan məhsullar —2021-ci il
Araşdırmada istehlakçını çaşdıra biləcək daha bir fakt üzə çıxır. AQTA-nın 23 iyun 2021-ci il tarixli açıqlamasında “Karvanka” və “Violetta” əmtəə nişanlı yağlarla bağlı uyğunsuzluqlar qeyd edilib. İstehsalçıların məhsulu 82,5 faiz yağlılığa malik duzsuz kərə yağı kimi təqdim etməsinə baxmayaraq, laborator müayinələr nəticəsində onların bitki mənşəli yağ olduğu müəyyənləşdirilib.
AQTA həmin məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edildiyini və müvafiq tədbirlərin görüldüyünü açıqlayıb. Bu hadisə məhsulun yalnız təhlükəsizlik göstəricilərinin deyil, qablaşdırmada göstərilən tərkibinin də istehlakçı üçün nə qədər vacib olduğunu göstərir.
Günəbaxan tumu - 2023-cü il
AQTA Rusiyadan idxal edilən günəbaxan tumunun istehlaka yararsız olduğunu da açıqlayıb. Agentliyin rəsmi xəbər arxivində yer alan məlumatda məhsulla bağlı uyğunsuzluq qeydə alındığı bildirilir.
Sosial şəbəkələrdə satılan arıqlama məhsulları —2026-cı il
AQTA 13 iyul 2026-cı ildə sosial şəbəkələrdə sürətli arıqlama vəd edən, mənşəyi şübhəli məhsullarla bağlı ayrıca xəbərdarlıq yayıb. Agentlik bu cür məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Bu xəbərdarlıq istehlakçılar üçün xüsusilə əhəmiyyətlidir. Çünki internet üzərindən satılan hər bir məhsulun tərkibi, istehsalçısı və təhlükəsizlik sənədləri barədə etibarlı məlumat olmur.
Təhlükəli məhsulların aqibəti necə müəyyənləşdirilir?
AQTA-nın açıqlamalarından görünür ki, laborator müayinələr zamanı uyğunsuzluq aşkarlanması məhsulun aqibətinə dair qərarların verilməsinə səbəb olur. Konkret hadisədən asılı olaraq partiyanın məhv edilməsi, satışının qadağan olunması, ticarət dövriyyəsindən geri çağırılması və ya digər məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
İstehlakçılar məhsul alarkən qablaşdırmada göstərilən tərkibə, istehsalçıya, istehsal və son istifadə tarixlərinə diqqət yetirməlidirlər. Mənşəyi bəlli olmayan, xüsusilə də sürətli arıqlama vədi ilə sosial şəbəkələrdə satılan məhsullara ehtiyatla yanaşmaq vacibdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız