Avropada Qərbi Nil virusu ilə bağlı vəziyyət pisləşir. Yunanıstan və Niderlandda yoluxma və ölüm hallarının artdığı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, əsasən ağcaqanadların dişləməsi ilə yayılan Qərbi Nil virusu Avropanın müxtəlif ölkələrində yayılmaqda davam edir.Yunanıstanda son bir həftə ərzində 26 yeni yoluxma qeydə alınıb, 3 nəfər isə həyatını itirib. Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 18-24 sentyabr tarixlərində ölkədə 26 yeni yoluxma aşkarlanıb. Bununla da ilin əvvəlindən sentyabrın 24-dək ölkədə virusun ümumi yayılma sayı 396-ya çatıb. Virus səbəbindən ölənlərin sayı isə 36-ya yüksəlib. Ölən şəxslərin yaşlarının 61-92 arasında olduğu bildirilib.
Niderland Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutunun məlumatına görə, ölkədə bu il Qərbi Nil virusuna yoluxanların sayı 44-ə, ölənlərin sayı isə 5-ə çatıb. Sentyabrın 17-də açıqlanan son məlumatdan sonra daha 16 nəfərdə virus aşkarlanıb, 1 nəfər isə həyatını itirib. Yeni yoluxmaların hamısının virus daşıyan ağcaqanadların dişləməsi nəticəsində baş verdiyi müəyyənləşdirilib. Niderlandda yoluxma hallarının 23-ü Cənubi Hollandiya, 10-u Utrext, 4-ü Şimali Hollandiya, 4-ü Şimali Brabant, 2-si Gelderland, 1-i isə Overeyssel əyalətində qeydə alınıb. Məlumata görə, ötən il Niderlandda Qərbi Nil virusuna rast gəlinməyib. Ötən həftə isə ölkədə 88 at və 100 quşda da virus aşkarlanıb. Toyuqlu pizza
Qərbi Nil virusu əsasən “Culex” növünə aid ağcaqanadların dişləməsi ilə insanlara keçir. Xəstəliyə qarşı hazırda peyvənd və xüsusi müalicə üsulu yoxdur. Virusun ilkin olaraq Afrika qitəsində yayıldığı, sonradan Fransa, İtaliya, İspaniya, Portuqaliya və digər Avropa ölkələrində də qeydə alındığı bildirilir. Almaniyada isə 2019-cu ildən etibarən hər il yoluxma halları müşahidə olunur. Mütəxəssislər virusdan qorunmaq üçün ağcaqanad dişləmələrinin qarşısının alınmasını tövsiyə edirlər.
Virusun gizli dövrü adətən 2-14 gün davam edir. İmmuniteti zəif olan insanlarda bu müddət 21 günə qədər uzana bilər. Yoluxanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Digər şəxslərdə isə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları yaranır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız