“Bu gün ailələrdə uşağın xərcləri əsasən yaş dövründən asılı olaraq dəyişir. Körpəlik mərhələsində ən böyük xərc qidalanma, uşaq bezləri, gigiyena vasitələri, geyim və tibbi xidmətlərlə bağlı olur”.
Bu sözləri “Yeni Sabah” a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, uşaq böyüdükcə təhsil, məktəb ləvazimatları, dərnəklər, nəqliyyat, geyim və müxtəlif sosial fəaliyyətlərə çəkilən xərclər ön plana keçir:
“Xüsusilə özəl bağça, hazırlıq kursları və əlavə təhsil xidmətlərindən istifadə edən ailələrdə aylıq xərc daha yüksək olur. “Minimum aylıq büdcə” üçün bütün ailələrə uyğun vahid rəqəm demək çətindir. Çünki uşağın yaşı, ailənin yaşadığı şəhər və ya rayon, dövlət və ya özəl təhsil müəssisəsindən istifadə etməsi, tibbi ehtiyacları və ailənin həyat tərzi xərcləri ciddi şəkildə dəyişir. pizza hut
Azərbaycanda yalnız əsas ehtiyaclar nəzərə alınarsa, bir uşağın aylıq xərclərini təxminən 300-500 manat aralığında planlaşdırmaq mümkün ola bilər. Lakin bu rəqəmə özəl bağça və məktəb, əlavə dərslər, ciddi tibbi xərclər, bahalı geyim və digər əlavə xidmətlər daxil olduqda məbləğ rahatlıqla 700-1000 manatı və daha çoxu keçə bilər.
Burada bir məqamı da nəzərə almaq lazımdır: uşağın xərci yalnız aylıq ərzaq və geyimlə məhdudlaşmır. İl ərzində məktəbə hazırlıq, mövsümi geyimlərin yenilənməsi, ayaqqabı, dərman və tibbi müayinələr, ad günü və digər tədbirlər kimi birdəfəlik və dövri xərclər də ailə büdcəsinə ciddi təsir göstərir. Ona görə ailə büdcəsi hesablanarkən bu xərcləri də aylıq orta göstəriciyə bölmək daha real mənzərə yaradır.
Uşaq məhsullarının qiymətlərinin tez dəyişməsinin əsas səbəbləri arasında idxaldan asılılıq, valyuta məzənnəsi, daşınma və logistika xərcləri, xammal və istehsal qiymətlərinin dəyişməsi, mövsümi tələb və pərakəndə ticarətdəki qiymət siyasəti dayanır. Azərbaycanda uşaq qidası, gigiyena məhsulları, bəzi geyim və digər məhsulların idxaldan asılı olması dünya bazarındakı qiymət dəyişikliklərinin daxili bazara daha tez keçməsinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, uşaq məhsullarında valideynlərin keyfiyyət və təhlükəsizlik tələbi yüksək olduğundan, daha tanınmış və sertifikatlaşdırılmış məhsullara tələbat qiymət fərqini artırır:
“Nəticədə eyni məhsul kateqoriyasında kifayət qədər böyük qiymət diapazonu yaranır. Ümumilikdə, uşağın böyüdülməsi ailə büdcəsində uzunmüddətli və artan xərc tələb edən prosesdir. Buna görə də məsələ yalnız “uşağa ayda nə qədər pul xərclənir?” sualı ilə məhdudlaşmamalıdır. Əsas məsələ uşaqlar üçün qida, səhiyyə və təhsil kimi fundamental ehtiyacların ailələr üçün əlçatanlığının qorunması və qiymət artımlarının ailə büdcəsinə yaratdığı təzyiqin azaldılmasıdır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız