Azərbaycanda narkotik bəlası: “İran bunu qəsdən edir” - Deputatdan açıqlama

Azərbaycanda narkotik bəlası: “İran bunu qəsdən edir” - Deputatdan açıqlama

Sosial

25 Yanvar 2023 16:25 385


Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında narkotiklə bağlı məsələ yenidən gündəmə gətirilib. 

Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib. 

“Regionlarda narkotik problemi bu gün əsas məsələdir. Bu məsələni sırf DİN-in öhdəsinə buraxa bilmərik. QHT və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu, böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu, genofondun məhvi deməkdir” - J.Əhmədova əlavə edib. 

Məsələ ilə bağlı Bakupost.az-a danışan millət vəkili Ceyhun Məmmədov da həmkarı kimi problemin çox ciddi olduğunu vurğulayıb:

“Bu, həddindən artıq qlobal bir problemdir. Burada iki amil ciddi rol oynayır. Birincisi, İranın məqsədli şəkildə Azərbaycana narkotik ötürməsidir. Yəni İran bunu qəsdən edir ki, azərbaycanlı gəncləri zəhərləsin. İkincisi, buna paralel olaraq vəsait qazanmaq üçün addımlar atır.

Bunun üçün hüquq mühafizə orqanları nəzarəti daha da artırmalıdır. Söhbət həm sərhədə nəzarətdən, həm ucqar yerlərdən gedir. Mübarizə daha da gücləndirilməli və intensivləşdirilməlidir. 

Biz eyni zamanda qanunlarımıza da baxmalıyıq. Burda qanunu sərtləşdirə biliriksə, onu da etməliyik. 

Bundan başqa, gənclərin vaxtının səmərəli təşkili istiqamətində də addımlar atmalıyıq. Gənclərin işlə təmin olunması, onların boş vaxtının səmərəli təşkil olunması vacibdir. Çünki bu məsələlər olmayanda gənclər başqa istiqamətlərə yönəlir. 

Növbəti mərhələ maarifləndirmə tədbirləridir. 

Hal-hazırda bu tədbirlər yetərli deyil. Daha əhatə dairəsi geniş olan maarifləndirmə və təbliğat tədbirlərinə başlamalıyıq ki, bu prosesin qarşısını ala bilək. Bunun zərərlərini gənclərə çatdırılmalıyıq ki, gənc nəsli qoruyaq. Problem böyükdür. Yəni hansı bölgəyə getsək, bu problemin yayılmış olduğunu görə bilərik. 

Qeyd etdiyim formada səylər daha da artırılmalıdır ki, biz bəlanın qarşısını alaq. Əks halda çox ciddi problemlərlə üzləşəcəyik. Gəncliyimizin gözümüzün qarşısında məhv olduğunu görə bilərik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!