Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə “Azərişıq” ASC regionlarda maarifləndirici tədbirlər, görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Naxçıvan şəhərində baş tutub. Naxçıvan Şəhər İcra Hakimiyyətinin binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, eləcə də əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə etməklə yeraltı və yerüstü xətlər çəkilir.
Həmçinin tədbir iştirakçılarına elektron xidmətlər barədə ətraflı məlumatlar verilib. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb. pizza
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azərişıq” ASC-nin təşkil etdiyi maarifləndirici tədbirlər, görüşlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Telegram kanalımız