2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında hava temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan 0–5 dərəcə yüksək, 4 gün isə 0–3 dərəcə aşağı olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqust ayında Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 28 dərəcə isti olub. Bu göstərici iqlim normasından 2 dərəcə yüksəkdir. pizza hut
Ay ərzində ən yüksək temperatur avqustun 9-da Maştağada 39 dərəcə isti qeydə alınıb. Bölgələrdə isə ən yüksək temperatur avqustun 9-u və 10-da Kürdəmirdə 40 dərəcəyə çatıb.
Ən aşağı temperatur Bakı və Abşeron yarımadasında avqustun 31-də Sumqayıtda 19 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə avqustun 30-da Şahdağda 6 dərəcə isti olub.
Avqustun bəzi günlərində hava fasilələrlə yağıntılı keçib, şimşək çaxıb və dolu düşüb. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv və güclü olub.
Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba-Qusar zonasına düşüb. Şahdağda 250 millimetr yağıntı qeydə alınıb. Bakı və Abşeron yarımadasında isə aylıq normanın 305–617 faizi qədər yağıntı düşüb. Bakıda 19, Çilov adasında isə 26 millimetr yağıntı qeydə alınıb.
Ay ərzində Kəlbəcər rayonunun mərkəzində və İstisu qəsəbəsinin Alagöllər ərazisində dolu müşahidə olunub. Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində isə intensiv leysanla yanaşı xırda dənəli dolu düşüb.
Küləkli hava şəraiti ilə əlaqədar avqust ayında 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava müşahidə olunub.
Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında saniyədə 23 metr, bölgələrdə isə saniyədə 24 metr təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız