Tufan yatdı, toz sakitləşdi və duman çəkildi… Mən hər zaman stəkanın dolu tərəfinə baxmağın tərəfdarıyam. Çünki xarakterim belədir. Su boğazıma çıxmayana qədər stəkanın boş tərəfinə baxmaq ağlımın ucundan da keçməz.
Əgər niyyətimiz neqativdirsə, cəmiyyətimizdə neqativ tapmaq problem deyil. İki vur iki qədər sadədir. Bütün günü neqativləri sadalayıb özümüzü də, ətrafımızı da cana-boğaza yığmağa nə var ki? Öz həyatmızı da, yanımızda olanların da həyatını zəhərə döndərə bilərik. Neqativ bütün cəmiyyətlərdə az və ya çox dərəcədə mövcuddur. İdeal hesab etdiyimiz toplumlarda belə o qədər neqativ saymaq mümkündür ki, adam tabuta girib qəbirə getməyi yeganə xilas yolu hesab edər. Önəmli olan bütün bu neqativlərin içərisində pozitivləri tapıb onlardan yapışaraq həyatı davam etmək, bizə miras qalan mənfilikləri müsbətə çevirmək üçün çaba göstərməkdir.
Bəhram Bağırzadənin kəndli-şəhərli tozanağı sakitləşib. İndi çöküntü qalıb. O çöküntüdə isə hazırda heç nə yoxdur. Bəhram gənclərimizi tənqid etmişdi. Tənqiddə haqlı olsa da, yanaşması mübahisəli idi. Onun eynəyindən baxdıqda, həqiqətən də gənclər arasında qəbilolunmaz davranışlar göz çıxarır. Bu, bizi çox üzür. Öz övladlarımızın, yaxınlarımızın həmin kateqoriyaya daxil olmasını heç istəmərik. Bizi də narahat edən məqamlar kifayət qədərdir. Dördpendirli pizza
Lakin, yuxarıda dediyim kimi, mən stəkanın dolu tərəfinə baxmağın tərəfdarıyam. Hətta bu istiqamətə baxa bilməyənlərin baxış bucağının dəyişməsi üçün yol nişanı rolunu oynamağı öz vəzifəm hesab edirəm.
Gəlin, indi Bəhramın tənqid etdiyi məsələyə onun rəngli eynəyi ilə yox, optik eynəklə baxaq…
Vətən Müharibəsi zamanı onminlərlə gənclərimizin Hərbi Komissarlıqlar qarşısında növbəyə dayandığının, yollarda ön cəbhə üçün yardımlar göndərdiyinin hamı şahidi oldu. Hər kəs - kəndlisi də, şəhərlisi də tək ürək olmuşdu. Bu görüntülərlə hər birimiz qürur duyurduq. Mənim şəxsən tanıdığım gənclər var. Onların içərisində Bəhram Bağırzadənin dediyi kimi restoranda yüksək səslə danışan, böyük-kiçik yeri bilməyən onlarla gənc bir an düşünmədən Hərbi Komissarlıqlara müraciət edərək ön cəbhəyə yola düşmüşdülər. Adını yaza bilməyən uşaqlar vardı ki, ilk gündən əllərinə silah almaq üçün bizim ağlımıza gətirmədiyimiz cəsarət nümayiş etdirmişdilər. Onların ön cəbhədən bir çoxunun cansız bədəni qayıtdı. Bir çoxu qolunu, ayağını Qarabağda qoyub qayıtdı. Bir çoxu da bədənində qəlpələrlə geri döndü. Dediyim kimi, onların çoxu nəinki orta təhsili, heç ibtidai təhsili də orta qiymətlə başa vurmamışdılar.
Təhsil önəmlidir. Amma bunu bütün psixoloqlar, elm adamları etiraf edir: Təhsil yüksəldikcə, cəsarət azalır. İnsan həyatı daha çox anladıqca, yaşamaq həvəsi artdıqca, cəsarət azalır. Həyatda daha çox naliyyətlərə sahib olduqca, özünü qurban vermək ehtimalı aşağı düşür. Ağıl çoxaldıqca, cəsurluq azalır.
Bəhram Bağırzadə bu məqamı nəzərə almamışdı. Mən demirəm ki, vətəni müdafiə etmək, qəhrəman olmaq üçün hər kəs təhsilsiz olmalıdır. Amma reallıqlar ortadadır və bu həyatda hər kəsin ailə qarşısında, vətən qarşısında, dünya qarşısında bir missiyası var. Dostlardan biri demişdi: Məktəbdə arxa sırada oturan, bütün imtahanlardan kəsilən sinif yoldaşlarım Vətən imtahanında əlaçı oldular. Bu, həqiqətdir. Savaş zamanı əgər ətrafımda olan ali təhsilllilərin bir-ikisi könüllü olaraq müharibəyə getmək üçün müraciət etdisə, təhsilsizlərin hamısı müraciət etdi. Sonunun nə olacağını düşünmədən. Onların hər birinin qarşısında baş əyirəm. Səmimi olaraq, pafossuz, əllərimi sinəmə qoyaraq baş əyirəm. Onların tətik çəkən barmaqlarından öpürəm. Hər kəs yüksək intellektə sahib olmalıdır deyə bir qayda yoxdur. Və intellekt söhbətini kəndli-şəhərli kateqoriyasına daxil etmək Bəhramın düşüncəsi ilə yanaşsaq zır kəndçilikdir.
Məsələnin başqa bir tərəfi də var. Bəhram Bağırzadə problemi dilə gətirərkən, niyə bunun obyektiv səbəblərinə diqqət çəkmir?! Problemi sadalamağı hər kəs bacarır. Amma onun səbəblərini açıb göstərmək axı ağıllı adamların işidir. Niyə bütün bu “tərbiyəsizliklərin” kökündə bizim təhsil sistemimizin dayandığını dilə gətirmir? Nədən çəkinir? Axı o “şən və hazırcavab” oğlandır. Məsələ çətinə düşsə, şən yumoru və hazır cavabı ilə vəziyyətdən çıxmaq onun üçün çox asandır.
Əslində, başqa baxış bucağından da mövzuya yanaşmaq mümkündür. Bəhram öz sənəti ilə, səhnəcikləri ilə, oynadığı rollarla cəmiyyətə, gəncliyə hansı mesajları verib, hansı intellekti təbliğ edib ki, onlardan yüksək elitarlıq tələb edir?! Amma bu, məsələni şəxsiləşdirmək olardı. Ona görə də bu rakursa ümumiyyətlə, giriş etmək istəmirəm.
Elnur Məmmədli
Telegram kanalımız