Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.
Bəs görəsən, boşanmaların artmasının səbəbi nədir? Tərəflər boşanmaq üçün müraciət etdikdə səbəb olaraq nəyi göstərirlər? pizza sifarişi
Məsələ ilə bağlı Yenisabah.az-a danışan vəkil Babək Həmidov bildirib ki, boşanmaq üçün müraciət edən şəxslərin səbəblərlə bağlı məhkəməyə yaxud vəkilə hər hansı məlumat vermək öhdəliyi yoxdur:
“Boşanmaların sayının artmasının səbəblərini daha çox sosioloqlar araşdırmalıdır, çünki cütlüklər boşanma ilə bağlı vəkilə müraciət etdikdə qanun üzrə hər hansı səbəb bildirməyə məcbur deyillər. İnsanın elə bir öhdəliyi yoxdur ki, boşanmasının səbəbini vəkilə, yaxud məhkəməyə açıqlasın.
Bir çox hallarda məhkəmədə boşanma işlərində tərəflərin özü iştirak etmir, bir çox hallarda etibarnamə əsasında onların ailə üzvləri, valideynləri, yaxud vəkilləri məhkəmədə iştirak edirlər. Tərəflərin özləri prosesdə iştirak etmədiyinə görə boşanmanın səbəbini məhkəmə də araşdırıb ortaya çıxara bilmir.
Məhkəmənin barışdırmaq vəzifəsi var, tərəflərə barışıq təklif edir, çünki Konstitusiya vəzifə kimi məhkəmələrin üzərinə ailənin vəhdətinin qorunması öhdəliyini qoyub. Nikahın pozulmasının qarşısının alınması üçün məhkəmələr barışıq təklif edir, lakin tərəflərin özü məhkəmə iclasında iştirak etməyəndə məhkəmənin barışıq təklif etməsinin mənası qalmır. Bu sadəcə formal xarakter alır.
Bu gün Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı orqanından nikahların pozulmasının səbəbini soruşsaq, bunun rəsmi statistik məlumatını almaq qeyri-mümkündür. Çünki evlilik könüllü olduğu kimi, boşanma da könüllüdür. “Həmin şəxslə yaşamaq istəyirəm” deyib vətəndaş nikaha daxil ola bilər, yaxud da əksinə, “yaşamaq istəmirəm” deyib nikahı poza bilər. Boşanmaq istəyən şəxslərə “niyə boşanırsınız?” sualının verilməsi hər hansı dövlət qurumunun üzərinə vəzifə kimi qoyulmayıb. Buna görə boşanmaların səbəblərinin statistikası tutulmur. Bu üzdən mən vəkil olaraq sizə boşanmaların konkret səbəblərini sadalaya bilmirəm”.
B.Həmidovun sözlərinə görə, boşanmaların səbəbi bir çox hallarda illərdir davam edən, bilinən məişət problemləridir:
“Boşanmalara gətirib çıxaran problemlərin səbəbləri bilinəndir. Bir çox hallarda yeni ailə quranların “qayınana problemi” olduğu deyilir. Əslində isə bu problemin kökündə yeni ailə quran cütlüklərin özünün evinin olmaması durur. Burada problemi birgəyaşayışın üstünə atmaq tam doğru deyil. Bu problemin əsl adı ev problemidir. Bir çox hallarda gəlin-qayınana münasibətləri problemə çevriləndə həmin şəxslərin yaşayış yerini dəyişməsi ilə problem öz həllini tapır.
Bundan əlavə, bir çox hallarda müraciətlərə baxanda cütlüklərin münasibətlərinin kəskinləşməsini səbəb olaraq görürük. Bunun bir çox səbəbi ola bilər: xəyanət, aralarında olan problemlərin dialoqla həll edilə bilməməsi və s. Nəticə etibarilə, bizdə ailənin vəhdətdə saxlanması üçün ailə psixoloqlarına müraciət edənlərin sayı da azdır deyə, şəxslər arasında olan mübahisələr kəskinləşir və zorakılığa çevrilir, bu həddə gəldikdə də boşanmaya səbəb olur. İkinci səbəb də zorakılıqdır, bu da mübahisələrin kəskinləşməsinin nəticəsidir”.
Vəkil qeyd edib ki, boşanmaq üçün ona müraciət edən cütlüklərin böyük qismi 6-7 il ərzində nikaha girənlərdir:
“Adətən, nikahın pozulması üçün müraciət edənlər ortalama 6-7 ilə qədər evli olanlardır. Həmin şəxslər 20 yaşında evlənəndə də, 40 yaşında evlənəndə də həmin müddət 6-7 ilə qədərdir. Yəni 6-7 il evli qalmış şəxslərin boşanma ehtimalı daha da azalır. Daha çox boşanma üçün müraciət edənlər nikaha 6-7 il ərzində daxil olanlardır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız