Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bir sıra rayonlarda intensiv və güclü yağış yağıb, yüksək dağlıq ərazilərə qar düşüb. Yardımlıda isə diametri 20 millimetrə çatan dolu qeydə alınıb.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. pizza mizza
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Bakıda və Abşeron yarımadasında ən çox yağıntı Neft Daşlarında qeydə alınıb. Burada yağıntının miqdarı 26 millimetr təşkil edib ki, bu da aylıq normanın 139 faizidir. Sumqayıtda 3, Bakı, Binə və Pirallahıda 2, Maştağada isə 1 millimetrədək yağıntı düşüb.
Rayonlarda da yağışlı hava müşahidə olunub. Göygöldə 16, İmişli və Şəkinin Kişçay ərazisində 10, Balakən və Qaxın Sarıbaş ərazisində 6, Biləsuvar və Sabirabadda 5 millimetr yağıntı qeydə alınıb.
Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul və Salyanda isə yağıntının miqdarı 1-4 millimetr arasında dəyişib. Qubadlı, Şuşa və Füzuli rayonlarında qısamüddətli yağış yağıb.
Qeyd edək ki, saat 08:15-dən 08:27-dək Yardımlı rayonunda güclü leysanla müşayiət olunan dolu düşüb. Dolu dənələrinin diametri 18-20 millimetr olub.
Aytac Əliyeva
Telegram kanalımız