İnsanların fərdi xarakter xüsusiyyətləri onların qurduğu münasibətlərin mahiyyətini və gedişatını birbaşa müəyyən edir. Münasibətlərdəki qərarsızlıq, qarşı tərəfə güzəştə getmək, eləcə də manipulyativ və idarəedici davranışların arxasında müxtəlif psixoloji səbəblər dayanır.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər insan fərqli bir şəxsiyyətdir və hər kəs öz xarakterindən bir parça münasibətə qatır:
“Nəticədə münasibətin də özünəməxsus xarakteri formalaşır. Tərəflərin fərdi xüsusiyyətləri və hansı xarakter cəhətinin daha güclü olması münasibətin gedişatına birbaşa təsir göstərir. Fikri qəti olmayan, qərarlarını tez-tez dəyişən insanların bu davranışının arxasında isə müxtəlif səbəblər dayanır. Bəzən bu, insanın daxili stabilliyinin olmamasından irəli gəlir, bəzən də uşaqlıqda yaşanan hadisələrlə, sabit mühitin olmaması ilə bağlıdır. Əsl səbəbi üzə çıxarmaq üçün hər bir halı ayrıca təhlil etmək lazımdır”. Sərfəli qiymətə məhsullar
Psixoloqun sözlərinə görə, münasibətdə daha uyğunlaşan və qarşı tərəfə meyilli görünən insanların davranışında da əsas rol xarakterə məxsusdur:
“Bunun səbəbləri sırasında özünəinamın azlığı, özünü hələ tam tanımamaq, fikirlərin formalaşmaması, eləcə də yaşın azlığı və ya həyat təcrübəsinin çatışmazlığı ola bilər. Digər tərəfdən, insan bəzi məsələlərə sadəcə önəm vermədiyi üçün seçimi qarşı tərəfə buraxa bilər. Məsələn, yemək mövzusunda seçici olmayan biri "sən nə istəsən, onu da yeyərəm" deyərək qarşı tərəfin seçimi ilə razılaşır. Bu, münasibətin xarakterinin insanların öz xarakterindən yarandığını göstərir və təbii ki, həmişə səmimiyyətsizlik anlamına gəlmir. Hər şey fərdin hadisələrə yanaşmasından və nə istəməsindən asılıdır”.
F. Mehmanqızı vurğulayıb ki, narsist xarakterli insanlar əvvəlcə qarşı tərəfin nazı ilə oynayır və onun istəklərinə uyğunlaşırlar:
“Lakin münasibətdə nəzarəti ələ aldıqdan sonra idarəetməni tamamilə öz əllərinə keçirirlər. Elə insanlar da var ki, məhz qarşı tərəfin istəkləri ilə razılaşmaqla gizli şəkildə idarəetməni ələ ala bilirlər. Göründüyü kimi, bütün hallarda həlledici faktor şəxsiyyətlərin xarakteridir — münasibətlərin bu cür formalaşmasının əsasında da məhz bu dayanır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız