Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər.
“Yeni Sabah” xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-cı ildə yayımladığı son araşdırmaya əsasən, 2024-cü ildə dünyada təxminən 2,3 milyon yeni xərçəng hadisəsi infeksiyalarla əlaqələndirilib. Bu, həmin il qeydə alınan bütün yeni xərçəng hallarının təxminən 12 faizini təşkil edib. Araşdırma “The Lancet Oncology” jurnalında dərc olunub.
Məlumata görə, xərçənglə əlaqəli infeksiyalar arasında xüsusilə beş törədici diqqət çəkir: Dominos pizza
Helicobacter pylori (H. pylori) – əsasən mədə xərçəngi ilə əlaqələndirilir və infeksiyalarla bağlı xərçəng yükünün ən mühüm səbəblərindən biridir. IARC-nin məlumatına görə, H. pylori-nin aşkarlanması və müalicəsi mədə xərçəngi riskinin azaldılmasına kömək edə bilər.
İnsan papilloma virusu (HPV) – xüsusilə uşaqlıq boynu xərçənginin əsas səbəbidir. Yüksək riskli HPV tipləri həmçinin anus, penis, vulva, vagina və bəzi baş-boyun xərçəngləri ilə əlaqələndirilir. HPV-yə qarşı vaksinlər mövcuddur və skrininq uşaqlıq boynunda xərçəngönü dəyişikliklərin erkən aşkarlanmasına imkan verir.
Hepatit B virusu (HBV) – xroniki infeksiya xüsusilə qaraciyər xərçəngi riskini artırır.
Epstein-Barr virusu (EBV) – bir sıra limfomalar və burun-udlağın xərçəngi ilə əlaqələndirilir. Yeni araşdırmalarda EBV ilə mədə xərçəngi arasında əlaqəyə dair sübutlar da nəzərə alınıb.
Hepatit C virusu (HCV) – əsasən xroniki infeksiya nəticəsində qaraciyər xərçəngi riskinin artması ilə əlaqələndirilir.
Mütəxəssislər isə vurğulayırlar ki, bu infeksiyalardan birinə yoluxmaq mütləq xərçəng yaranacağı anlamına gəlmir. Xərçəngin inkişafında infeksiyanın müddəti ilə yanaşı, immun sisteminin vəziyyəti, genetik xüsusiyyətlər və digər risk amilləri də rol oynayır.
Araşdırmanın diqqətçəkən tərəflərindən biri isə infeksiyalarla əlaqəli xərçənglərin müəyyən hissəsinin qarşısının alınmasının mümkün olmasıdır. HPV və hepatit B-yə qarşı vaksinasiya, HPV skrininqi, hepatit C-nin müalicəsi, həmçinin H. pylori infeksiyasının vaxtında aşkarlanaraq müalicə olunması xərçəng riskinin azaldılmasında mühüm rol oynaya bilər.
Aytac Əliyeva
Telegram kanalımız