Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən avadanlıqların geri alınması üçün inzibati orqan əvvəlcə müvafiq inzibati akt qəbul etməlidir.
“Yeni Sabah” xəbər verir ki, bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı işə baxışı zamanı ortaya qoyulub.
İşin hallarına görə, müvafiq inzibati orqanla vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqavilə əsasında ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib. Məişət texnikası
Lakin 2025-ci il fevralın 19-da keçirilən monitorinq zamanı həmin avadanlıqların satıldığı müəyyən edilib. Bundan sonra inzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən məsələ məhkəməyə çıxarılıb.
Bakı İnzibati Məhkəməsi inzibati orqanın iddiasını mümkün saymayıb. Məhkəmə hesab edib ki, əmlakın geri qaytarılması üçün inzibati orqan məhkəməyə müraciət etmək əvəzinə, öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməlidir. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.
İşə kassasiya qaydasında baxan Ali Məhkəmə bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. Əvvəlcə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, daha sonra həmin akt əsasında inzibati müqavilə bağlanılır.
Məhkəmənin hüquqi mövqeyinə əsasən, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın və ya onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.
Ali Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməlidirlər. Məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi tətbiq oluna bilər.
Beləliklə, özünüməşğulluq proqramı ilə verilən avadanlıqların satılması və ya müqavilə öhdəliklərinin pozulması onların geri tələb edilməsi üçün əsas yarada bilər. Lakin bu proses zamanı inzibati orqan əvvəlcə qanunla nəzərdə tutulan inzibati proseduru həyata keçirməlidir.
Aytac Əliyeva
Telegram kanalımız