2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə ölkədə 115 milyard 930,5 milyon manatlıq ÜDM istehsal olunub. Neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb. Online alış-veriş
ÜDM istehsalında ən böyük pay sənayenin payına düşüb. Belə ki, ümumi istehsalın 35 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatının payına düşüb.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payı 6,2 faiz, tikintinin 5,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşənin 2,7 faiz, informasiya və rabitə sahələrinin isə 2 faiz təşkil edib.
Hesabat dövründə ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb. Bu sahədə əlavə dəyər 10,2 faiz, informasiya və rabitədə 9,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz artıb.
Digər xidmət sahələrində və kənd təsərrüfatında artım 1,4 faiz, sənayedə isə 0,4 faiz olub.
Tikinti sektorunda isə geriləmə qeydə alınıb. Belə ki, bu sahədə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalıb.
Aytac Əliyeva
Telegram kanalımız