2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 milyard 358,5 milyon manat təşkil edib.
Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb. Satışların 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Toyuqlu pizza
Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında 1,4 faiz, qeyri-ərzaq mallarının satışında isə 6,6 faiz artım qeydə alınıb.
Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışında qeydə alınıb. Bu məhsullar üzrə satışlar 32,1 faiz artaraq 548,3 milyon manata çatıb.
Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında 23,8 faiz, elektrik malları və mebellərdə 8,1 faiz, avtomobil yanacağında 4,9 faiz, digər qeyri-ərzaq mallarında 4,7 faiz, toxuculuq məhsulları, geyim və ayaqqabılarda isə 4,4 faiz artım olub.
Əhalinin pərakəndə ticarət şəbəkəsində aldığı mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Hesabat dövründə hər bir sakin pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 533,6 manatlıq məhsul alıb. Bu məbləğin 290 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 243,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Aytac Əliyeva
Telegram kanalımız