Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.
“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.
Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab suları ilə çirkləndirilməsinə, eləcə də bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilir. İnternet mağaza
Torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə də cərimələr nəzərdə tutulub. Bu pozuntuya görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimələnə bilər.
Bu yüksək cərimələr fonunda nəhayət atmosferin, təbiətin çirkləndirilməsi halları minimuma enəcəkmi?
Ekoloq Sadiq Həsənov “Bakupost”a bildirib ki, bu cür ağlagəlməz cəzalarla həmin sahədə hansısa irəliləyişin mümkün olacağını düşünmür:
“Torpaqların, suların çirklənməsi işləri əsasən kənd təsərrüfatı sahəsində baş verir. Həddindən artıq gübrələrdən, bol məhsul alınması üçün daha çox kimyəvi vasitələrdən istifadə edənlər əsasən iri fermerlərdir və onlar da bu işlərini davam etdirəcəklər, çünki arxalarına iri oliqarxlar dayanıb”.
Bu sahədə ən çox çirklənmə yaradan sahələrdən biri də müsahibimizə görə, dövlətə məxsus neft-qaz sənayesidir:
“Dövlət şirkətləri, xüsusən də SOCAR-a məxsus iri müəssisələrin necə cəzalandırılacağı məlum deyil. Çünki torpağı kimyəvi maddələrdən təmizləmək üçün iri maliyyə vəsaitləri lazımdır”.
Ekoloq hesab edir ki, belə yüksək cəriməli cəzalardansa, insanlarla işləmək, onlara dəstək göstərilməklə nümunə kimi pilot layihələrin həyata keçirilməsi daha yaxşı effekt verər:
“Cərimələr o vaxt effekt verir ki, paralel dəstək və maarifləndirmə işləri aparılır. Bunlar olmadıqca prosesdə əsaslı nailiyyətlər əldə etmək də mümkün olmayacaq”.
Telegram kanalımız