Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxıb.
“Yeni Sabah” xəbər verir ki, iş materiallarına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs ər-arvad arasında yaranmış boşanma və əmlak bölgüsü mübahisəsindən istifadə edərək qadına məxsus mənzili, avtomobili və pul vəsaitlərini aldatma yolu ilə ələ keçirib.
Belə ki, 2021-ci ildə Bakı şəhərindəki mənzilin satışına vasitəçilik etmək üçün ona müraciət edən şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğunu və tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yarandığını öyrənib. Bundan sonra qadınla ayrıca görüşərək ərinin onu aldatdığını və mənzillə avtomobili ələ keçirmək niyyətində olduğunu bildirib. Dördpendirli pizza
Qadının etimadını qazanan şəxs əmlakların məhkəmə mübahisəsi başa çatanadək müvəqqəti olaraq başqa şəxslərin adına rəsmiləşdirilməsini təklif edib. O, məhkəmə prosesi yekunlaşdıqdan sonra mənzil və avtomobilin yenidən qadının mülkiyyətinə qaytarılacağını vəd edib.
Bu vədlərə inanan qadın mənzilin başqa şəxsin adına keçirilməsinə razılıq verib. Lakin sonradan mənzil onun məlumatı və iştirakı olmadan üçüncü şəxsə 100 min manata satılıb. Satışdan əldə olunan pul isə qadına qaytarılmayıb.
Eyni üsulla qadına məxsus bazar dəyəri 26 min manat olan “Hyundai IX-35” markalı avtomobil də əvvəlcə yaxın qohumunun adına rəsmiləşdirilib, daha sonra etibarnamə əsasında başqa şəxsə satılıb. Bu satışdan əldə olunan vəsait də mülkiyyətçiyə verilməyib.
Bundan başqa, təqsirləndirilən şəxs mənzilin rəsmiləşdirilməsi, notariat xərcləri və məhkəmədə qadının xeyrinə qərar çıxarılmasına köməklik göstərilməsi adı ilə müxtəlif vaxtlarda ondan ümumilikdə 9800 manat alıb. Nəticədə zərərçəkmişə 163 800 manat maddi ziyan vurulub.
İstintaqla həmin şəxsin digər vətəndaşları da aldatdığı müəyyən edilib. Belə ki, o, bir nəfərdən torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərmək adı ilə 5000 manat, digər şəxsdən qızını işə düzəltmək vədi ilə 2000 manat, avtomobil satmaq adı ilə isə başqa bir vətəndaşdan 1800 manat alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib.
Birinci instansiya məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin əsas zərərçəkmişin xeyrinə 163 800 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən saxlayıb.
Məhkum kassasiya şikayətində əsas zərərçəkmişlə bağlı epizod üzrə təqsirini qəbul etməyib. O, mənzilin qadının razılığı ilə faizli borc almaq məqsədilə başqa şəxsin adına keçirildiyini, mənzil və avtomobilin satışında isə yalnız vasitəçi olduğunu iddia edib. Digər epizodlar üzrə təqsirini qəbul edən məhkum apellyasiya məhkəməsinin qərarının ləğv olunmasını və işə yenidən baxılmasını istəyib.
Ali Məhkəmənin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq dələduzluğun əsas xüsusiyyətinin zərərçəkmiş şəxsdə həqiqətə uyğun olmayan təsəvvür yaratmaqla və ya onun etimadından sui-istifadə etməklə əmlakın ələ keçirilməsi olduğunu vurğulayıb.
Məhkəmə kollegiyasının mövqeyinə görə, zərərçəkmiş şəxsin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verməsi həmin əmlakın sonradan onun iradəsindən kənar satılmasına və satışdan əldə olunan pulun mənimsənilməsinə razılıq kimi qiymətləndirilə bilməz.
Qeyd olunub ki, qadının razılığı əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi və sonradan geri qaytarılması barədə verilən vədlərə əsaslanıb. Bu səbəbdən onun razılığının olması aldatma və etibardan sui-istifadə yolu ilə əmlakın ələ keçirilməsi faktını istisna etmir.
Ali Məhkəmə həmçinin bildirib ki, sübutlar məhkumun rolunun yalnız vasitəçilik fəaliyyəti ilə məhdudlaşmadığını təsdiqləyir. O, mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini təşkil edib, satış prosesində iştirak edib və müəyyən məbləğlər çıxıldıqdan sonra qalan vəsaiti əldə edib.
Avtomobilin satılması ilə bağlı şahid ifadələri də məhkumun alıcı ilə əlaqə saxladığını, satış qiymətini müzakirə etdiyini, rəsmiləşdirməni təşkil etdiyini və satışdan əldə olunan pulu götürdüyünü göstərib. Avtomobilin qadının tapşırığı və mənafeyi naminə satıldığını təsdiqləyən sübutlar isə müəyyən edilməyib.
Beləliklə, Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin sübutları qanunvericiliyin tələblərinə uyğun araşdırdığını və məhkumun əməllərinin dələduzluq kimi tövsif edilməsinin düzgün olduğunu hesab edib. Kassasiya şikayəti təmin edilməyib.
Aytac Əliyeva
Telegram kanalımız