İkinci əl avtomobillərin satışında ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur.Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.
Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilmiş ikinci əl avtomobillərin satışına 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması mexanizminin tətbiqi nəzərdə tutulur.
Qeyd olunur ki, bu dəyişiklik rəsmi dilerlərin ikinci əl avtomobil bazarındakı fəaliyyətini stimullaşdırmaqla yanaşı, həmin əməliyyatlar üzrə vergi yükünün azaldılmasına xidmət edir. Rəsmi diler şəbəkələri ilə keçirilən görüşlərdə qaldırılan əsas məsələlərdən biri də istehsal tarixi 5 ildən artıq olmayan ikinci əl avtomobillərin alqı-satqısı zamanı yaranan yüksək ƏDV yükü olub. Belə ki, hazırda rəsmi dilerlərin şirkətdaxili siyasətinə uyğun olaraq, ikinci əl avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin əvvəlcə diler tərəfindən satın alınması, daha sonra isə yenidən satışa çıxarılması yolu ilə rəsmiləşdirilir. Nəticədə, bu əməliyyatlar üzrə ƏDV avtomobilin tam satış dəyərindən hesablanır. Bildirilir ki, bu, vergi yükünün yalnız dilerin əldə etdiyi gəlirə deyil, avtomobilin ümumi qiymətinə tətbiq olunmasına səbəb olur. Pepperoni pizza
Təklif edilən dəyişikliklərlə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu "AzPolitika"ya açıqlamasında bildirib ki, yeni mexanizm rəsmi dilerlərin ikinci əl avtomobillərin alqı-satqısında marağını artıra bilər: “Bu gün rəsmi dilerlərdən avtomobil alarkən bilirik ki, əgər həmin avtomobil ƏDV-dən azad deyilsə, onun satış qiymətinə ƏDV də daxil edilir. Məsələn, hibrid avtomobillərin ƏDV-dən azad olduğu dövrdə bu vergi tətbiq edilmirdi. Lakin hazırda ölkəyə gətirilən avtomobillər üçün belə güzəşt mövcud deyil. Əgər avtomobilin idxalı zamanı ƏDV ödənilirsə, sonradan həmin avtomobili alarkən bu vergi də onun qiymətində nəzərə alınır".
"İkinci əl avtomobillərlə bağlı vəziyyətin hazırda necə olduğunu isə dəqiq bilmirəm. Burada diqqətimi çəkən məqam odur ki, niyə bu mexanizm məhz rəsmi dilerlərə və müəyyən şərtlərlə alınmış avtomobillərə şamil olunur. Görünən odur ki, bu dəyişiklik rəsmi dilerlər üçün ikinci əl avtomobilləri alıb-satmağı daha sərfəli edəcək. Bu baxımdan, təklifin ikinci əl avtomobil bazarına müsbət təsir göstərə biləcəyini düşünürəm. Amma hazırkı mexanizmin necə işlədiyini dəqiq bilmədiyim üçün mövcud vəziyyətlə bağlı konkret fikir bildirmək istəmirəm. Məsələn, mən bir avtomobil almışam və onun ƏDV-sini də ödəmişəm. Daha sonra həmin avtomobili yenidən satmaq qərarına gəlirəm. Bu halda rəsmi diler avtomobili məndən alıb başqa şəxsə satarkən hansı qaydada ƏDV ödəyir? Tutaq ki, rəsmi diler avtomobili məndən 50 min manata alır və 55 min manata satır. Təklif olunan mexanizmə əsasən, bu halda ƏDV 50 min manatlıq alış qiymətinə deyil, dilerin əldə etdiyi 5 min manatlıq ticarət əlavəsinə hesablanacaq. Bu, çox böyük məbləğ olmasa da, diler üçün müəyyən vergi üstünlüyü yaradır", – deyə ekspert bildirib.
Ekspert qeyd edir ki, dəyişikliyin hazırda müzakirəyə çıxarılması mövcud mexanizmdə müəyyən problemlərin olduğunu göstərir: "Əks halda, belə bir təklifin gündəmə gətirilməsinə ehtiyac olmazdı. Hələlik məsələ layihə mərhələsindədir. Qəbul olunacağı təqdirdə, rəsmi dilerlərin ikinci əl avtomobil bazarındakı fəaliyyətinə necə təsir göstərəcəyini görəcəyik".
Telegram kanalımız