“Müasir hava limanları çoxşaxəli kommersiya fəaliyyəti həyata keçirən iqtisadi strukturlardır. Onların gəlirləri yalnız təyyarələrin eniş-qalxışı, sərnişin və yük daşımaları ilə bağlı xidmətlərdən formalaşmır. Duty Free mağazaları, restoran və kafelər, avtomobil dayanacaqları, reklam sahələri, avtomobil icarəsi, ticarət obyektləri və digər xidmətlər də ciddi gəlir mənbəyidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. Onun sözlərinə görə, hava limanlarının ümumi gəlirlərinin təxminən 37 faizi qeyri-aviasiya kommersiya fəaliyyətindən əldə olunması statistikası da heç də təsadüfi rəqəmlər deyil:
“Bu göstərici hava limanlarının maliyyə modelində ticarət və xidmət sahələrinin əhəmiyyətini aydın göstərir. Sərnişin hava limanına daxil olduğu andan etibarən müxtəlif kommersiya xidmətlərinin potensial müştərisinə çevrilir. Sərnişin axınının həcmi, terminalda qalma müddəti, alış imkanları və xidmətlərin yerləşdirilməsi hava limanının kommersiya gəlirlərinə birbaşa təsir göstərir. pizza
Bu baxımdan sərnişin axını hava limanları üçün həm nəqliyyat, həm də iqtisadi resurs hesab olunur. Hava limanında sərnişinin davranışına bir neçə amil təsir göstərir. Uzun gözləmə müddəti, uçuşun gecikməsi, yorğunluq, vaxt məhdudiyyəti və alternativ seçimlərin azlığı alış qərarlarına təsir edə bilər. Sərnişin gözləmə müddətində yemək, içki, qəzet, suvenir və digər məhsullara ehtiyac duya bilər.
Bəzi hallarda alış-veriş vaxt keçirmək və psixoloji rahatlıq əldə etmək vasitəsinə çevrilir. Bu davranış kommersiya baxımından da araşdırılıb. 2024-cü ildə ABŞ-ın 89 hava limanı üzrə aparılmış tədqiqatda sərnişinlərin terminalda qalma müddətinin artmasının qeyri-aviasiya gəlirlərinə müsbət təsiri müəyyən edilib.
Bu nəticələr də bizə deyir ki, hava limanları sərnişinlərin terminalda keçirdiyi vaxtı kommersiya imkanına çevirməyə çalışırlar. Amma sərnişinlərin ehtiyacları və rahatlığı qorunmalıdır”.
Ekspert qeyd edib ki, hava limanlarında qiymətlərin formalaşmasına bir sıra xüsusi xərclər təsir edir:
“Ticarət obyektlərinin icarə haqqı, logistika, təhlükəsizlik tələbləri, işçi heyətinin saxlanılması, fəaliyyət saatlarının genişliyi və xüsusi əməliyyat xərcləri adi şəhər ticarətindən fərqlənir. Hava limanında fəaliyyət göstərən sahibkarlar müəyyən məhdudiyyətlər və əlavə təşkilati tələblər daxilində işləyirlər. Bundan başqa, hava limanında sərnişinin alternativ seçim imkanları məhduddur. Şəhərdə istehlakçı müxtəlif mağazalar arasında seçim edə, qiymətləri müqayisə edə və daha münasib təklif tapa bilər.
Terminalda isə sərnişinin vaxtı və hərəkət imkanları məhdud olduğundan qiymətə həssaslığı bəzi hallarda azalır. Bu amil satıcılara daha yüksək qiymət tətbiq etmək imkanı yarada bilər. İcarə müqavilələrinin şərtləri də qiymətlərə ciddi təsir göstərir. Bəzi hallarda icarə haqqı sabit məbləğlə, bəzi hallarda isə satış dövriyyəsindən müəyyən pay ayrılması prinsipi ilə müəyyən edilir. Bu xərclər məhsulun son satış qiymətində nəzərə alına bilər.
Paralel olaraq yüksək əməliyyat xərcləri istənilən qiymət artımını avtomatik əsaslandırmır. Qiymət fərqinin real xərclərlə, kommersiya marjası ilə və rəqabət şəraiti ilə nə dərəcədə bağlı olduğu ayrıca qiymətləndirilməlidir. Sərnişin üçün qiymət şəffaflığı, alternativ xidmət imkanları və istehlakçı hüquqlarının qorunması vacibdir”.
A.İbrahimovun fikrincə, hava limanlarının terminal planlaşdırılması sərnişin axınının idarə olunması ilə yanaşı, kommersiya fəaliyyətinin səmərəliliyini də nəzərə alır:
“Bir çox hava limanında təhlükəsizlik yoxlamasından sonra sərnişinlərin hərəkət marşrutu ticarət zonalarının yaxınlığından və ya həmin zonaların daxilindən keçir. Mağazaların yerləşdirilməsi, vitrinlərin görünməsi, işıqlandırma, reklam və məhsulların təqdimatı sərnişinin diqqətini cəlb etmək üçün planlaşdırılır. Bu, beynəlxalq hava limanlarında geniş istifadə olunan kommersiya yanaşmasıdır. Sərnişin mağazanın qarşısından keçərkən əvvəlcədən planlaşdırmadığı məhsulu da almaq qərarına gələ bilər. Beləliklə, terminalın memarlıq və daxili planlaşdırma həlləri satış göstəricilərinə təsir edən iqtisadi amilə çevrilir. Free shoplar da bu sistemin mühüm hissəsidir.
Lakin sərnişinlər nəzərə almalıdırlar ki, “Duty Free” ifadəsi məhsulun hər zaman şəhər mağazalarından daha ucuz olması anlamına gəlmir. Vergi və rüsum güzəştləri mövcud olsa da, məhsulun alış qiyməti, kommersiya marjası, icarə və digər əməliyyat xərcləri yekun qiymətə təsir göstərir. Buna görə də istehlakçının qiymətləri müqayisə etməsi məqsədəuyğundur. Hava limanlarının kommersiya strategiyası sərnişin axınından gəlir əldə etməyə əsaslanır. Bu strategiya sərnişinlərin rahat hərəkətinə, xidmətlərə sərbəst çıxışına və seçim imkanlarına mane olmamalıdır. Terminalın iqtisadi səmərəliliyi ilə sərnişin məmnuniyyəti arasında düzgün tarazlıq qorunmalıdır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız