“David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –İŞDƏ DEPUTATIN DA ADI VAR

saytların hazırlanması

Evə çatdırılma

“David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –İŞDƏ DEPUTATIN DA ADI VAR

Kriminal

19 Oktyabr 2026 13:15 90


Dünyaca məşhur “Beer-David” Mərkəzinin təsisçiləri Bakıda necə soyulduqlarını, şantaj olunduqlarını və onlara qarşı qurulan şəbəkənin bütün əməllərini Musavat.com-a açıb: “Bizdən 200 min manatdan çox pul mənimsənilib... "David Seliverstov" bizi deputat Anatoliy Rafailovun yayına apardı...”

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin inkişafı, sağlamlaşdırılması sahəsində dünyada tanınan “Beer-David” Mərkəzinin təsisçiləri — Yosefa Eyxel və onun həyat yoldaşı David Eyxel Bakıda üzləşdikləri dəhşətli dələduzluq, şantaj və psixoloji təzyiqlərlə bağlı Musavat.com-a şok faktlar açıqlayıblar.

2023-cü il oktyabrın 7-də İsraildə baş verən məlum hadisələrdən və müharibənin başlamasından sonra fəaliyyətlərini Bakıda davam etdirməyə qərar verən cütlük paytaxtda gözlənilməz bir tələyə düşdüklərini bildirirlər. pizza mizza

Eyxellərin sözlərinə görə, Bakıya gəldikləri ilk günlərdə Şakir adlı bir şəxs onları “David Seliverstov” kimi tanıtdığı adama yönəldib. O zaman Eyxellər “David Seliverstov” adının arxasında, əslində, əvvəllər məhkum olunmuş residivist Kazım Abbasovun dayandığını bilmirdilər.

Eyni zamanda, həmin dövrdə başqa bir qadın tərəfindən də təhdidlər almağa başlayıblar. Qadın açıq şəkildə onlara Bakıda işləməyə imkan verilməyəcəyini bəyan edib. Eyxellər müstəqil vəkil tutaraq rəsmi filial açdıqdan və leqal fəaliyyətə başladıqdan sonra isə bu dəfə sosial şəbəkələrdə onlara qarşı qara piar və şər-böhtan kampaniyasına start verilib.

Kampaniyanın qızğın çağında səhnəyə yenidən “David Seliverstov” çıxıb. O, Eyxelləri deputat Anatoliy Rafailovla özünün Bayıldakı ofisində görüşməyə məcbur edib. Görüşdə deputat olduqca sərt formada Eyxellərin təsisçiləri olduqları mərkəz barədə çoxlu şikayətlərin olduğunu, lakin şəxsən özünün bu şikayətləri “dayandırdığını” iddia edərək, “Seliverstov”la əməkdaşlıq etməyin mütləq olduğunu vurğulayıb. Lakin əlində olduğunu iddia etdiyi şikayət qovluğunu və iddiaların mahiyyətini göstərməkdən imtina edib.

Nəticədə hüquqi və mühasibat xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb. Bundan sonra “David Seliverstov” vergi borcu, lisenziya ödənişləri, depozitlər və müxtəlif iddiaların həlli adı altında mərkəzdən 200 min manatdan çox vəsaiti mənimsəyib.

Süni şəkildə yaradılan psixoloji təzyiq və qorxu mühitində yaşamağa məcbur edilən cütlük yalnız “David Seliverstov”la bağlı mətbuatda ifşalar ortaya çıxdıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Musavat.com Yosefa Eyxel və David Eyxel ilə həmin təzyiq mexanizmləri, saxta sənədlər və mərkəzə qarşı qurulmuş şəbəkə barədə həmsöhbət olub.

– Xanım Yosefa, zəhmət olmasa özünüzü təqdim edin və Azərbaycandakı fəaliyyətiniz barədə məlumat verin. Burada ilk dəfə təzyiqlərlə nə vaxt və necə qarşılaşdınız?

– Mən İsrailin “BEER David” şirkətinin Bakı filialının direktoruyam. 2025-ci ilin may ayından etibarən Azərbaycanda müəyyən təzyiqlərlə üzləşməyə başladıq.

Burada olduğumuz müddətdə müxtəlif xeyriyyə (o cümlədən beynəlxalq) tədbirləri həyata keçirmişik. Heç bir kənar maliyyələşmə olmadan onlarla ailəni tamamilə təmənnasız, tamamilə pulsuz qəbul etmişik. Xüsusilə, aztəminatlı bir ailədən olan yerli uşağı inkişaf kursumuza təmənnasız qəbul etdik. Bu uşaq nənəsi ilə gəlirdi və kursumuzun nəticəsində inanılmaz uğurlar əldə etdi — düzgün danışmağa və düşünməyə başladı, qeyri-adi qabiliyyətləri üzə çıxdı, hətta ictimaiyyət qarşısında çıxış etdi. Biz onun tezliklə məktəbə getməsini planlaşdırırdıq.

Lakin qəfil qəribə hadisələr baş verməyə başladı. Nənə əvvəlcə ziddiyyətli ifadələr verməyə başladı — guya bizə 12 min manat ödədiyini iddia etdi. Halbuki, biz ondan bir qəpik də almamışdıq. Əksinə, yoldaşım David 6 ay ərzində uşağın nəqliyyat xərcini (günə 30 manat) öz cibindən ödəyirdi, ona musiqi üçün orqanola, mikroskop hədiyyə etmişdi, uşağa və nənəsinə yeni telefonlar almışdı. Hətta evlərində soyuq olduğunu və buna görə tez-tez xəstələndiklərini öyrənəndə, David öz təşəbbüsü və vəsaiti ilə onların evində təmir işləri aparmışdı.

Sonradan həmin nənə bütün bunların yalan olduğunu, uşağın heç bir xəstəliyinin və inkişaf probleminin olmadığını iddia etməyə başladı. Xoşbəxtlikdən, bu uşaq bizə televiziya vasitəsilə müraciət etmişdi, ilk gündən çəkilişləri var və bütün sənədlər həmin telekanalda və bizim “YouTube” kanalımızda mövcuddur.

Bu işdə əsas fiqurlardan biri də həmin “Artemenko” (Müraciət edən tərəfin tələbi ilə zərərçəkənlərin və cinayət işinin təhlükəsizliyi nəzərə alınaraq, keçmiş nəşrlərdəki qonşu ölkə vətəndaşının soyadı “Artemenko” ifadəsi ilə əvəz olunub. Soyad dəyişdirilib, bütün real məlumatlar redaksiyada saxlanılır) soyadlı şəxsdir. O, digər valideynləri bizə qarşı qızışdıraraq aktiv kampaniya aparırdı.

– Bəs  “Artemenko” kursa necə gəlib çıxmışdı və məqsəd nə idi?

– “Artemenko”nun bizə necə çıxdığı dəqiq məlum deyil. Öz sözlərinə görə, sosial şəbəkələrdə gördüyü nəticələr və digər ailələrin rəyləri xoşuna gəldiyi üçün müqavilə bağlayıb kursa yazılmışdı. Lakin bizim əsaslı şübhələrimiz var ki, bu şəxs reputasiyamıza və maliyyəmizə zərbə vurmaq istəyən qüvvələr tərəfindən göndərilmiş bir “fitnəkar” idi.

Bunu sübut edən sənədləşdirilmiş faktımız da var - “Artemenko” Azərbaycanda heç bir tanışının olmadığını iddia etsə də, onun Bakıda kirayələdiyi mənzilin pulunu (1500 manat) özü deyil, Rafael adlı yerli bir sakinin ödəniş etdiyi (telefon nömrəsi və kart məlumatları mövcuddur) məlum oldu. Ehtimal edirik ki, onun mərkəzimizdəki kurs ödənişi də “maraqlı şəxs” tərəfindən edilib.

Bundan əlavə, kurs zamanı mənə əməkdaşlarımızdan çoxlu şikayətlər gəlməyə başladı. İşçilər bildirirdilər ki, “Artemenko” gətirdiyi uşaqla heç maraqlanmır, bütün gününü digər valideynlərin əlaqə nömrələrini və şəxsi məlumatlarını toplamağa sərf edir. O, WhatsApp qrupumuzdan nömrələri götürərək valideynlərlə əlaqə saxlayır, onları kursu yarıda buraxmağa təhrik edirdi. Əlimizdə bir ailənin notarial qaydada təsdiqlənmiş ərizəsi var ki, burada “Artemenko”nun zərərverici fəaliyyəti açıq göstərilir. O, hətta özü ayrı WhatsApp qrupu yaradaraq valideynləri bizə qarşı şikayət etməyə və pullarını geri tələb etməyə məcbur edirdi.

Söhbətə David Eyxel qoşulur:

– O, yalnız Rusiyadan gələn bir ailəni inandırmağa müvəffəq olmuşdu. Həmin ailə iki il bizi izlədikdən sonra gəlmişdi. Lakin kurs başladıqdan cəmi bir neçə gün sonra fikirlərini dəyişdiklərini və pulları geri istədiklərini bildirdilər. Sonradan bəlli oldu ki, bu təxribatın da arxasında məhz “Artemenko” durub. (Redaksiyada bunu təsdiqləyən notarial sənəd var).

“Seliverstov”un saxta sənəd oyunu və İsrail Səhiyyə Nazirliyinin rəsmi CAVABI

Yosefa Eyxel bildirir ki, bir gün “Seliverstov” onlara zəng edərək “Artemenko”nun ona “müştəri” kimi müraciət etdiyini və “BEER DAVID” şirkətindən pulların geri alınması üçün vəkil köməyi istədiyini deyib:

– Mən "Seliverstov"dan soruşdum ki, özünü hər zaman “İsraili müdafiə edən hüquq müdafiəçisi” kimi təqdim edən bir şəxs necə olur ki, “Artemenko” kimi biri ilə əməkdaşlıq edir?

 "Seliverstov" iddia etdi ki, guya “Artemenko” İsrail səfirliyinə müraciət edib və səfirlik onu "Seliverstov"a yönəldib.

Lakin biz araşdırdıq və bəlli oldu ki, səfirlik belə bir addım ata bilməzdi, bu tamamilə uydurmadır. Sonradan məlum oldu ki, “Artemenko” səfirliyin adından istifadə edərək saxta “ekspert rəyləri” və sənədlər yayırmış. Biz İsrail Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərdik. Nazirlikdən daxil olan 94 səhifəlik rəsmi cavabda təsdiq olundu ki, belə bir sənəd heç vaxt rəsmi şəkildə verilməyib.

“Məqsəd – Mərkəzi qaralamaq və maliyyə çökməsi yaşatmaqdır”

– Sizcə bu sistemli hücumların və böhtan kampaniyasının son məqsədi nədir?

David Eyxel:

– Bu, dəqiqliklə planlaşdırılmış və təşkil olunmuş şər-böhtan kampaniyasıdır. Məqsəd — xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı və sağlamlaşdırılması sahəsindəki uğurlarımıza kölgə salmaq, adımızı ləkələmək və müxtəlif təzyiq, qorxutma üsulları ilə maliyyə resurslarımızı mənimsəməkdir.

Yosefa Eyxel:

– Biz nəticələrdən danışırıq. Karantin dövründən bəri yüzlərlə uşaq Mərkəzimizdə  inkişaf kursu keçərək cəmiyyətə uğurla inteqrasiya olunub. İşimizi tam şəffaf görürük. Biz hüquqi müstəvidə bütün lazımi addımları atacağıq və bu şantaj, dələduzluq kampaniyasının günahkarlarının qanun qarşısında cavab verməsi üçün sonadək mübarizə aparacağıq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!