“Mən bundan savayı hansı vəziyyətdə olmalıyam?!” –   Qazinin şikayətinə TƏBİB-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

“Mən bundan savayı hansı vəziyyətdə olmalıyam?!” – Qazinin şikayətinə TƏBİB-dən cavab

Sosial

26 Noyabr 2026 15:47 192


Vətən müharibəsi əlili, bir neçə medalla təltif olunan qazi əlillik təyinatı üçün müraciət etməsinə imkan verən Forma 88 göndərişinin verilməməsindən şikayətlənib.

İbadov Əbülfəz Valeh oğlu “Yeni Sabah”ın redaksiyasına müraciət edərək Qaradağ Tibb Mərkəzində müayinədən keçdikdən sonra əlilliyin qiymətləndirilməsi üçün zəruri olan Forma 88 göndərişinin hazırlanaraq müvafiq elektron sistemə göndərilməsindən imtina olunmasına etiraz edib.

O bildirib ki, beş il müddətinə təyin edilmiş əlillik müddəti başa çatdıqdan sonra yenidən müayinədən keçib. Lakin Həkim-Məsləhət Komissiyası onun əlilliyinin qiymətləndirilməsi üçün Forma 88 göndərişinin verilməsinə razılıq verməyib. Qaziyə isə imtinanın konkret səbəbləri izah olunmayıb. İnternetdən sifariş

“Qaradağ Tibb Mərkəzinə getdim və Həkim-Məsləhət Komissiyasının sədri ilə görüşdüm. Ondan müraciətimə niyə imtina verildiyini soruşdum. O, mənə imtinanın səbəbi kimi Prezidentin 2022-ci il tarixli 187 nömrəli qərarında nəzərdə tutulan meyarlara uyğun gəlmədiyimi göstərdi. Həmin meyarlarla tanış oldum. Lakin mövcud diaqnozlarımın hər birinin əlillik təyinatı üçün əsas sayılır.  Ümumilikdə səkkiz diaqnozum var. Buna baxmayaraq, komissiya hansı konkret meyara uyğun gəlmədiyimi izah edə bilmədi.

Dəfələrlə hansı meyarlara uyğun olmadığımı konkret şəkildə göstərmələrini tələb etdim, lakin bunu etmədilər. Halbuki hər bir şəxsin əlillik məsələsi onun tibbi vəziyyəti və qanunvericilikdə nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilməlidir. Bəzi diaqnozlarla şəxslərə ömürlük əlillik təyin edildiyini də qeyd etdim. Çünki elə xəstəliklər var ki, onların sağalması mümkün deyil. Lakin heç bir konkret Forma-88 in verilməməsi ilə bağlı izahat ala bilmədim. Sənədlərimi götürərək oradan ayrıldım. Məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.

Qazi bildirib ki, Vətən müharibəsində Ağdərə istiqamətində döyüşüb, yaralanıb və müxtəlif medallarla təltif olunub.:

“Bütün bədənim qəlpədir. Üzüm-gözüm, hər iki ayağım zədələnib. Oturaq sinirim zədələnib, ayağım iflicdir, parez var, pəncəm sallanır. Sağ qulağım hər üç aydan bir irinləyir. Mən demişəm ki, əyani və ya qiyabi müayinədən keçməyə hazıram. Nə vaxt, harada istəyirlər, müayinə oluna bilərəm.

“Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Mən bundan savayı hansı vəziyyətdə olmalıyam ki, mənə Forma-88 verilsin?! İstəyirəm ki, bu məsələ ictimaiyyətə çatdırılsın və aidiyyəti qurumlar baş verənlərə aydınlıq gətirsinlər”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın məsələ ilə bağlı müraciəti araşdırılıb:

“Vətəndaş İbadov Əbülfəz Valeh oğlunun əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb.  Onun tibbi sənədləri və müayinələrinin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olması səbəbindən Forma-88 in sistemə daxil edilməsi mümkün olmayıb.

Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə imtina aktı təqdim edilib”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!