“Mən Vurğun Əyyubun qızıyam” – Aytən Əyyubun 61 yaşında atasına yazdığı təbrik

“Mən Vurğun Əyyubun qızıyam” –
Sent 24, 2019 14:42
Oxunma sayı: 495

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçmiş sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sər müavini Vurğun Əyyubun vəfatı ictimaiyyət tərəfindən dərin hüznlə qarşılanıb. 

Böyük əksəriyyət Vurğun Əyyub kimi ziyalının ölümünü bütövlükdə Azərbaycan üçün itki hesab edir. Bir aydan sonra Vurğun Əyyub 62 yaşını tamalayacaqdı və qızı Aytən Əyyub ona daha bir 62 il arzu edəcəkdi. Lakin olmadı. 

Bununla belə “Yeni Sabah” Vurğun bəyin 61 yaşında qızının ona yazdığı təsirli təbrikini oxucuların diqqətinə çatdırır.

“61 yaşını tamamladın . Bir 61 il daha arzulayıram sənə, amma sağlam canla davam etdirəcəyin 61 il. Düzdür, istəyərdim ki, bir ömür dünyanı tutub durasan, çünki hər keçən gün Azərbaycanın sənin kimi təmiz, dürüst, ədalətli, vicdanlı, vətənpərvər insanlara ehtiyacı daha çox artır, ancaq təəssüf ki, onların da sayı get-gedə azalır. Sən isə hələ də o təmizliyini qoruyan nadir insanlardansan.

Ancaq çox gözəl bilirəm ki, gözəl insanlar bir ömür dünyanı tutub durmur. Ancaq 62 yaşını dolduranda da, deyəcəyəm ki, bir 62 il daha arzulayıram Sənə. 

Atacan, özümü dərk edəndən qızın olduğum üçün o qədər çox qürur duymuşam ki. “Vurğun Əyyubun qızıyam” cümləsini elə həvəslə, gözlərimin içi gülərək, fərəhlə demişəm ki... Gözlərimdəki gülüşün sönməməsini arzu edirəm, Atacan, bizə...

Ad günün mübarək!

Səni çox sevirəm!”

Yenisabah.az