Arıqlamaq üçün sosial şəbəkələrdə satılan üç məhsulun tərkibində təhlükəli maddə aşkarlanıb.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. pizza
Monitorinq zamanı “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, eləcə də “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satılan məhsullarla bağlı araşdırma aparılıb.
Laborator müayinələr nəticəsində “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların hər üçünün tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə – sibutramin aşkarlanıb.
AQTA qeyd edib ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, onun istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib.
Məlumata görə, sibutramin arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarına səbəb ola bilər.
Araşdırma zamanı sözügedən məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi də müəyyən edilib.
AQTA bildirib ki, məhsulların satıldığı hər üç sosial şəbəkə hesabının geniş izləyici auditoriyası var. Həmçinin həmin məhsulların sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edildiyi müəyyən olunub.
Agentlik bir daha xəbərdarlıq edib ki, məhsulun sosial şəbəkələrdə geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir.
Qeyd olunub ki, istehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir.
AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir.
Aytac Əliyeva
Telegram kanalımız