Müəllimlərin sertifikatlaşdırılmasının ikinci mərhələsində yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma Azərbaycan təhsili üçün müsbət addımdır və prosesin nəticələri zaman keçdikcə daha aydın görünəcək. Dördpendirli pizza
Emin Əmrullayev qeyd edib ki, 2024-cü ildən etibarən ibtidai təhsilə başlayan uşaqların demək olar ki, hamısına sertifikasiyadan keçmiş müəllimlər dərs deyib.
Nazirin sözlərinə görə, zaman keçdikcə müəllimlərə qoyulan tələblər də artırılmalıdır. Bu məqsədlə yaxın həftə və aylarda Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək.
Xüsusilə ibtidai sinif müəllimlərinin qiymətləndirilməsində oxuyub-anlama bacarığına daha çox diqqət yetiriləcək.
Nazir vurğulayıb ki, ibtidai sinif müəlliminin özünün yüksək oxuyub-anlama bacarığına malik olması vacibdir. Çünki müəllim bu bacarığa sahib olmadıqda onu şagirdlərə də düzgün şəkildə öyrədə bilməz.
Emin Əmrullayev bildirib ki, yeni çərçivələr əvvəlki qiymətləndirmədən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq. Bu dəyişikliklər əvvəlki sertifikatlaşdırma prosesində müəyyən edilən boşluqlar nəzərə alınmaqla hazırlanacaq.
Nazir, həmçinin sertifikatlaşdırma ilə bağlı maaş yanaşmalarının da müzakirə edildiyini deyib. Bununla bağlı qərarlar hazır olduqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Emin Əmrullayev çağırışaqədərki hazırlıq üzrə təhsil verənlər və rəhbərlərin sertifikatlaşdırılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu sahə həm təhsil, həm də hərbi hazırlıqla bağlı olduğu üçün məsələnin aidiyyəti qurumlarla məsləhətləşilməsi zəruridir.
Nazir əlavə edib ki, həmin şəxslərin əməkhaqqı məsələsi sertifikatlaşdırmadan ayrıca da nəzərdən keçirilə bilər.
Aytac Əliyeva
Telegram kanalımız