Cinayətlər xronikalarında saxlanılan və ya həbs olunan şəxslərin əksəriyyətinə dair bu ifadəyə rast gəlinir – “əvvəllər məhkum olunmuş”. Bir çoxları keçmiş məhbusların təkrarən cinayətkarlığa yuvarlanmasını onların cəmiyyətə adaptasiya oluna və işə düzələ bilməməsi ilə əlaqələndirir.
Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfərova bildirir ki, keçmiş məhkumların həbsdən çıxdıqdan sonra işlə təmin olunması vacib məsələdir:
“Yaxın günlərdə bir vətəndaş zəng vurub deyir ki, həbsdən çıxmışam, reabilitasiyamı tamamlamışam, zeytun bağlarında fəhlə işləyirdim, öyrəndilər ki, məhbus olmuşam, dərhal işdən çıxardılar. Bu insanlar ailəsini dolandırmalıdır. Amma onları təzədən pis yola düşməyə vadar edirlər. pizza hut
Əgər bu insanları həbsdən buraxırsınızsa, işlə də təmin olunmalıdırlar. Həbsxanalarda reabilitasiya mərkəzi olmalıdır. Bu mərkəzlərdən məhbuslara müəyyən sənətlər öyrədilməlidir. Sovet vaxtı həbsdən çıxanları zavoda göndərirdilər, deyirdilər, burada işləyəcəksən. İndi də belə bir metod olmalıdır ki, azadlığa çıxanda əllərində sənət olsun.
Penitensiar sistemdə xüsusi şöbə yaradılmalıdır. Oradan kağız versinlər məhbusa, o da həmin kağızla iş tapa bilsin. QHT və ya bələdiyyələrdə məhbusların müraciət edəcəyi yerlər düzəldilməlidir. Bu məsələ diqqətdə olmalıdır”.
Psixoloq Taryel Faziloğlu isə hesab edir ki, keçmiş məhbusların işə götürülməməsi keçmiş sovet psixologiyasından qaynaqlanır: “Sovet ideologiyasına görə məhbuslar cəmiyyətin tullantıları hesab edilirdi. Ona görə də insanlarda o psixologiya var idi. Bu, indi də davam edir.
Dünya təcrübəsində məhbusların həbsdən çıxmağına az qalmış onlar cəmiyyətə adaptasiya olmaq üçün sosial reabilitasiya görürlər. Təəssüf ki, Azərbaycanda hələ də bu xidmət mövcud deyil. İnsanlarda məhbuslara qarşı sovet dönəmindən qalan qərəz hələ də qırılmayıb. İnsanlar qərəz ilə davam edirlər deyə, bu məsələ hələ də öz aktuallığını qoruyur. Amma Ədliyyə Nazirliyi pilot layihə yaradıb məhbusların azadlığa çıxmağına az qalmış son aylarında sosial reabilitasiya keçirsələr və bunun yaxşı bir şəkildə təbliğatını aparsalar, məncə bu mənfi fikirlərdən xilas olmaq olar.
Keçmiş məhbuslar qərəz üzündən insanlar tərəfindən öz aralarına alınmırlar. Nə iş tapa bilirlər, nə cəmiyyət tərəfindən özlərinə normal münasibət görürlər. Belə olanda cəmiyyətin onlara aqressiyası onlarda da təzədən cəmiyyətə qarşı aqressiya formalaşdırır. Üstəlik bu adamlar həbsxana həyatından qalan travmalarından xilas olmadan cəmiyyətə buraxılırlar.
Beləcə, cəmiyyətlə aralarında tərs mütənasib davranışlar formalaşır. Hər iki tərəfin bir-birinə qarşı mənfi düşüncələrini daha da dərinləşdirir. O insanlar həyatlarını təzədən qazanmaq üçün yenidən cinayətə əl atmalı olurlar. Cinayət törətməmələri üçün o insanların maksimum dərəcədə sosial reabilitasiyasının təşkil olunması çox vacibdir. Keçmiş məhbuslara qarşı ön yarğı cəmiyyətdədir. İşə götürən şəxslər də təbii ki, cəmiyyətin üzvləridir.”
“Veysəloğlu Şirkətlər Qrupu”nun işə qəbul üzrə aparıcı mütəxəssisi Məhəmməd Məhərrəmovun sözlərinə görə, keçmiş məhkumluğu olan işçilər işlərinə daha məsuliyyətli yanaşırlar: “Şirkətə işə qəbul prosesində, müsahibə zamanı şəxsdən məhbusluq keçmişi barədə soruşuruq. Məhbusluğu olubsa, necə olub və s. ilə maraqlanırıq. İşə qəbul zamanı bir əməkdaşımız avtomobillə insan ölümünə səbəb olduğunu və məhkumluğu olduğunu bildirmişdi. Bu hər kəsin başına gələ biləcək bir hal olduğuna görə buna normal yanaşmışdıq.
Adətən, iş yerləri məhbusları işə götürmürlər, ancaq onlar bizimlə çalışarkən hər zaman diqqətli olurlar. Onlar eyni zamanda daha çalışqan olurlar ki, işlərini itirməsinlər. Məsuliyyətli olurlar, çünki başqa yerlərdə iş tapmaq onlar üçün çətin olur. Biz keçmiş məhbusları işə götürmüşük və onlarla bağlı heç bir problemimiz olmayıb”.
Nəzrin Cavadzadə
Telegram kanalımız