Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin iştirakçılarına müraciət edib.
Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir müraciətində sərginin hərbi potensialın nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacağını bildirib. pizza mizza
Onun sözlərinə görə, ADEX-2026 qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi baxımından mühüm platformadır. Sərginin hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyi qeyd olunub.
Zakir Həsənov Azərbaycanın təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Müdafiə naziri müasir dövrdə hərbi texnologiyaların sürətlə inkişaf etdiyini, neyroşəbəkə və lazer texnologiyalarına əsaslanan vasitələrin, müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının və süni intellektlə idarə olunan insansız sistemlərin hərbi yanaşmaları dəyişdirdiyini bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun əməliyyat imkanlarının genişləndirilməsi, maddi-texniki bazasının yenilənməsi və ən müasir silah sistemləri ilə təchizatı istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, qabaqcıl orduların təcrübəsinin öyrənilməsi və birgə təlimlərdə iştirak da diqqətdə saxlanılır.
Zakir Həsənov Azərbaycan hərbi sənaye kompleksinin imkanlarına da toxunub. Bildirib ki, ölkədə mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul, o cümlədən silah, sursat və insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri və modernləşdirilməsi həyata keçirilir.
Nazirin sözlərinə görə, ADEX-2026-nın keçirilməsi texniki həllərin müzakirəsi, yeni texnologiyaların nümayişi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
O, sərgidə aparılacaq müzakirələrin ölkələr arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinə, müdafiə sahəsinin inkişafına və təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Aytac Əliyeva
Telegram kanalımız