Cəmiyyətdə milli adət və ənənələrin varisliyi həmişə aktual mövzu olub. Çünki adət- ənənələr ictimai-mədəni tərəqqinin əsas göstəricisi rolunu oynayır. Cəmiyyət dəyişdikcə adət-ənənələr də təkmilləşir və millətin, xalqın yaradıcılıq nümunələrini yaşadır.
Lakin son illər qeyri-adi bayram, toy adətlərimizin tədricən itib-batdığını, unudulduğunu iddia edənlər də az deyil.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov bildirib ki, bu fikirlərlə razı deyil, milli bayramlarımız həm xalq, həm də dövlət səviyyəsində qeyd edilir: Dördpendirli pizza
“Qarşıdan Novruz çərşənbələri gəlir, lakin mən adət-ənənələrimiz, bayramlarımız tamamilə unudulub deyənlərin fikirləri ilə razı deyiləm.

Novruz bayramı müstəqillik dövründən əvvəl də ölkəmizdə çox canlı şəkildə keçirilirdi. Müstəqillik dönəmində isə bu bayram artıq dövlət bayramı milli statusunu aldı, ona görə həm xalq tərəfindən, həm də dövlət səviyyəsində bu milli bayramımız yüksək səviyyədə qeyd olunur.
Novruz bayramının adət-ənənələrinin unudulmasından yox, əskinə, canlı şəkildə keçirilməsindən, araşdırılmasından danışmaq yerinə düşər. Sovet bayramında dini bayramları – Ramazan, Qurban bayramlarını qeyd etmək haradasa yasaq idi, amma müstəqillik dövründə bu dövrün verdiyi imkanlar daxilində həmin bayramlar da xüsusi şəkildə qeyd olunmağa başlandı. Mən deməzdim ki, milli bayramlarımız artıq unudulur”.
Ekspert qeyd edib ki, müasir dövrdə xalqdan 100 il əvvəlki kimi bayram qeyd etməyi gözləmək doğru yanaşma deyil:
“İnsan cəmiyyəti inkişaf etdikcə, müasirləşdikcə, xüsusən insanların həyatına yeni texnoloji avadanlıqlar daxil olduqca onların məşğuliyyət dairəsi genişlənir və bəzi adət-ənənələr müəyyən dərəcədə öləziyə bilir.
Amma hər kəsdən bayramda tələb etmək olmaz ki, niyə papaq (qurşaq) atmırsan? Bu insanın fərdi keyfiyyətindən də asılı ola bilər. 100-200 əvvəl keçirilən bayramlarda olan adət-ənənələrin hazırkı dövrdə də eynilə davam etməsini gözləmək doğru deyil, bu təbii ki, mümkün deyil. Bu, bütün xalqlarda belədir.

Bəzi adətlər yavaş-yavaş öləziyə bilir. Məsələn, bir vaxtlar toylarımızda gecə boyu dastanlar danışılırdı, indi bu dastanlar danışılmır. İndi insanlara demək olmaz ki, niyə belədir, niyə dastan danışmırsınız?
Bu, bütün xalqlarda belədir. Məsələn, Avropa xalqları milli qəhrəmanlarının şücayəti barədə dastanlar danışıblar, amma indi bunu etmirlər, sadəcə yaddaşlarda saxlayırlar. Bu faciə deyil. Bu adət-ənənələr kitablarda, yaddaşlarda qalır, tədqiqatlarda öz əksini tapır. Digər xalqalarla müqayisədə bizim dastan ənənəmiz nisbətən canlı şəkildə qalır.
Sovet alimi Jirnovskinin çox gözəl bir sözü var, o deyir ki, dünya eposunun açılmayan sirlərini öyrənmək istəyirsinizsə, gərək Qafqaza, ya da Orta Asiyaya üz tutasınız. Çünki burada aşıq sənəti, dastan ənənəsi canlı şəkildə yaşayır.

Bu mənada müqayisəli şəkildə məsələni təhlilə cəlb etdikdə görürük ki, bizdə qədim ənənələr daha çox yaşayır, nəinki Avropalılarda. Kimsə sual edirsə ki, niyə bayramlarda adət-ənənələr 100 il əvvəlki şəkildə tətbiq edilmir, başa düşməlidir ki, bu həyatın tələbindən irəli gələn bir şeydir. Bu qətiyyən xalqın unutqanlığı mənasına gəlmir”.
Əsmətxanım RZAZADƏ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız