“Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri ərəfəsində Fransaya getməsi diqqət çəkir. Təbii ki, hazırkı səfərin əsas məqsədi Beynəlxalq Kosmos Sammitində iştirak etməkdir. Lakin Parislə İrəvan arasında son dövrdə dərinləşən strateji tərəfdaşlığı nəzərə alsaq, bu səfərin siyasi aspektləri də diqqətdən kənarda qalmamalıdır. Ermənistan hökuməti Fransa ilə iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin genişləndirilməsini xüsusi vurğulayır”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya iki günlük işgüzar səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Paşinyanın qarşıdakı Moskva səfəri daha ciddi siyasi əhəmiyyət daşıyır: pizza mizza
“O, Rusiya Prezidenti Vladimir Putinlə son görüşündən sonra Moskva-İrəvan münasibətlərinin bütün istiqamətlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib. Həmçinin Rusiya tərəfindən idarə olunan Ermənistan dəmir yollarının gələcəyi ilə bağlı məsələlərin də tərəflər arasında müzakirə edildiyi açıqlanıb.
Bu baxımdan, Paşinyanın Paris səfəri Moskva ilə danışıqlar ərəfəsində Avropa tərəfdaşları ilə siyasi koordinasiya baxımından da əhəmiyyətli ola bilər. Ermənistan Rusiya ilə münasibətlərdə mümkün siyasi və iqtisadi təzyiqlərə qarşı alternativ tərəfdaşlıqlarını gücləndirməyə çalışır. Fransa isə son illərdə Ermənistanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Ona görə də Paşinyanın Moskvaya hansı siyasi mövqedən gedəcəyi mühüm məsələdir. Əgər İrəvan Parisdən əlavə siyasi dəstək və Avropa istiqamətində təminatlar almağı bacarsa, bu, Paşinyanın Moskva ilə danışıqlardakı mövqeyini müəyyən qədər gücləndirə bilər.
Yəni proses yalnız Moskva ilə İrəvan arasındakı münasibətlərin müzakirəsi deyil. Burada Ermənistanın Rusiya ilə ənənəvi əlaqələrini hansı səviyyədə saxlayacağı və eyni zamanda Fransa və Avropa ilə strateji yaxınlaşmanı nə dərəcədə dərinləşdirəcəyi məsələsi də ön plana çıxır”.
Telegram kanalımız