Şoumen Sərxan Kərəmoğlu Xoşqədəm Bəxşəliyevanı müdafiə edib.
“Yeni Sabah” xəbər verir ki, o, parıcının keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlərə görə tənqid olunmasını qınayıb.
S.Kərəmoğlu Xoşqədəm Bəxşəliyevanın televiziya fəaliyyətindən əvvəl Azərbaycan mətbuatında mühüm xidmətlərinin olduğunu vurğulayıb. pizza hut
O, jurnalistin uzun illər əvvəl üzləşdiyi çətinliklərə diqqət çəkərək, həmin dövrdə yüksək vəzifəli şəxslər haqqında açıq danışmağın asan olmadığını qeyd edib:
“Artıq bir gündür ki, mətbu orqanların çoxunda Xoşqədəm Bəxşəliyevanın keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında dediyi sözlər müzakirə olunur. İnsanlar sosial şəbəkələrdə öz fikirlərini yazırlar. Lakin bu rəylərin bir qismi mənfi və təhqiramiz ifadələrlə doludur.
Xoşqədəm Bəxşəliyevanı bir çox insan “Səni axtarıram” verilişindən tanıyır. Ancaq bilmirlər ki, onun televiziya sahəsinə gəlməzdən əvvəl Azərbaycan mətbuatında müstəsna xidmətləri olub. Həmin dövrdə həqiqəti yazmaq, insanlara qəzet vasitəsilə çatdırmaq hər kəsin bacardığı iş deyildi.
Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətində yüksək vəzifələr tutmuş bir şəxsdir. Onun haqqında yaxşı və ya pis fikir bildirmək mənim məqsədim deyil. Dövlət hansı qərarı verirsə, bu gün həmin qərarlar həyata keçirilir. İnsanın heç bir səhvi olmasa, barmaqlıqlar arasına düşməz, haqqında müəyyən həqiqətlər üzə çıxmaz.
Mən isə Ramiz Mehdiyevdən daha çox Xoşqədəm Bəxşəliyeva haqqında danışmaq istəyirəm. Təxminən 20 il əvvəl onun qəzet rəhbəri olduğu dövrdə qəzetdə dərc edilən hansısa məqalədən başlayan kiçik bir qarşıdurma illərlə davam edib. Xoşqədəm Bəxşəliyeva isə uzun müddət buna dözüb, səbir göstərib.
Xoşqədəm Bəxşəliyeva fikirlərini açıq və konkret ifadə edən jurnalistdir. Onun Azərbaycan mətbuatında və televiziyasında xidmətləri danılmazdır. O, təkcə televiziyaçı deyil, həm də böyük təcrübəyə malik bir məktəbdir. Xoşqədəm Bəxşəliyevanın Azərbaycan televiziyasında gördüyü işləri heç kim dana bilməz”.
S.Kərəmoğlu bildirib ki, məqsədi kor-koranə X.Baxşəliyevanı müdafiə etmək deyil:
“Bu gün televiziyalarda müəyyən islahatlar aparılıb, Xoşqədəm Bəxşəliyeva və digər həmkarlarımız proqramlardan ayrılıblar. Hələlik bunun sonunun necə olacağı məlum deyil. Prosesi zaman göstərəcək.
Mən bu məsələdən danışarkən bir qədər həyəcanlıyam. Çünki söhbət dostumdan gedir. Ancaq məqsədim onu kor-koranə müdafiə etmək deyil. Sadəcə, Xoşqədəm Bəxşəliyevanı və ya Ramiz Mehdiyevi qınaq obyektinə çevirən insanlara fikrimi çatdırmaq istəyirəm.
Ramiz Mehdiyev yüksək vəzifədə olduğu zaman onun haqqında açıq şəkildə danışmağın nə qədər çətin olduğunu hamımız bilirik. Sizdən soruşuram: Haqsızlığa məruz qaldığı halda, vəzifədə olan bir nazirin və ya polis rəisinin haqqında açıq danışmağa kim cəsarət edə bilərdi? Əlbəttə, haqlı olan insan öz sözünü deyə bilər. Amma reallıq budur ki, bir çoxları belə hallarda susmağa üstünlük verir.
Bəs Xoşqədəm Bəxşəliyeva həmin vaxt Prezident Administrasiyasının rəhbəri haqqında fikirlərini necə ifadə edə bilərdi? Kimə şikayət edəcəkdi? Şikayət etdiyi qurumun özü həmin şəxsə tabe olduğu halda, hansı nəticəni gözləyə bilərdi?
Bütün bunları bildiyiniz halda, bir qadın haqqında niyə nifrət dolu ifadələr yazırsınız? Siz bu nifrəti kimə yönəldirsiniz: Ramiz Mehdiyevə, yoxsa Xoşqədəm Bəxşəliyevaya? Bəlkə, gündəlik həyatınızda yaşadığınız narazılıqları sosial şəbəkələrdə saxta profillər arxasında gizlənərək başqalarına yönəldirsiniz? Söyüş yazmaqla, kimisə təhqir etməklə rahatlıq tapırsınız?”.
Şoumen qeyd edib ki, illərdir sosial şəbəkələrdə saxta profillər arxasında gizlənərək insanları təhqir edənlər var. Görünür, bu hal hələ bir müddət də davam edəcək:
“Ancaq inanıram ki, gələcəkdə saxta profillər arxasında gizlənərək insanları təhqir etmək daha çətin olacaq. İnsanlar öz fikirlərini ifadə edərkən məsuliyyət daşımalı, başqalarının şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdırlar.
Azərbaycanda qanun qarşısında hər kəs məsuliyyət daşıyır. Təhqir və söyüş dolu ifadələr yazan insanların da qanun çərçivəsində məsuliyyətə cəlb olunması mümkündür. Bir gün gələcək, bu gün saxta profillər arxasında gizlənərək başqalarını təhqir edənlər də öz əməllərinə görə cavab verməli olacaqlar.
Hələlik isə bəziləri saxta profillərdən istifadə edərək istədikləri sözləri yazmağa davam edirlər. Amma unutmayın ki, bu, həmişə belə davam etməyəcək.
Xoşqədəm Hidayətqızı haqqında yazılan rəylərdə də insanları təhqirə deyil, fikir və arqumentlərlə danışmağa çağırıram”.
Aydan Hacıbalazadə
Telegram kanalımız