Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?   - SENSASİON AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır? - SENSASİON AÇIQLAMA

Siyasət

28 Oktyabr 2026 21:11 668


Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayonları, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərləri) 2024-2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsini əhatə edən analitik təhlili ciddi korrupsiya mexanizmlərini və maliyyə pozuntularını üzə çıxarıb.

"Yeni Sabah" Palatanın hesabatına istinadla xəbər verir ki, yoxlamalar zamanı ayrılan milyonlarla manat vəsait qeyri-şəffaf xərclənib, iş həcmləri şişirdilib, sənədlər əvvəlcədən deyil, işlər bitdikdən sonra saxtalaşdırılıb.

Qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa normalarına əməl olunmaması nəticəsində 14 icra hakimiyyəti üzrə ümumilikdə 1 078 610,9 manat məbləğində işlərin həcmi və dəyəri süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edilib. Aparılan araşdırmalar nəticəsində bu vəsait dövlət büdcəsinə tam bərpa etdirilib. Dördpendirli pizza

6 yerli icra hakimiyyəti tərəfindən isə həyata keçirilən 6 291 235,7 manatlıq təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib. Bu, tenderlərin formal xarakter daşıdığını və işlərə əslində satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir.

Bundan başqa, söküntü zamanı əldə olunan qiymətli tikinti materialları mədaxil edilməyib, podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmayıb. Eyni zamanda heç bir icazə olmadığı halda frezlənmə və söküntü materiallarının daşınması xərcləri qanunsuz olaraq smetalara salınıb.

Hesabatda qeyd olunur ki, yolların balansa götürülməməsi səbəbindən 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875,5 manat dəyərində yol aktivləri mühasibat uçotunda əks olunmayıb. Bu isə yerli icra hakimiyyətlərinin maliyyə hesabatlarını kobud şəkildə təhrif edib.

Sənəddə yer alan məlumatlara görə, podratçı şirkətlər tərəfindən icra təminatlarının gecikdirilməsinə və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə göz yumulub, cərimə mexanizmləri tətbiq edilməyib.

Hesablama Palatasının Kollegiyası aşkar edilən qanun pozuntuları və nöqsanlarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün zəruri sənədlərin aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul edib. Palata həmçinin yolların tikintisi və təmiri sahəsində pərakəndəliyin aradan qaldırılması üçün Dövlət İnvestisiya Proqramı çərçivəsində vahid mexanizmin tətbiqini təklif edib.

Hesablama Palatasının aşkarladığı bu pozuntuların hər biri cinayət işi açılmasını təmin edəcək hesabatdırmı?

Hüquqşünas Xəyal Bəşirov Yeni Müsavat-a bildirdi ki, cinayət işi açılması üçün kifayət qədər əsaslar var:

“Hesablama Palatasının ortaya çıxardığı qeyd olunan pozuntuların hər biri barəsində hüquqi araşdırma aparılması və cinayət işi açılması üçün əsaslar ortadadır.

Dövlət vəsaitinin süni şəkildə şişirdilmiş iş həcmləri əsasında ödənilməsi, satınalma prosedurlarının formal xarakter daşıması və maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı faktlar cinayət-hüquqi qiymətləndirmə üçün ciddi əsaslar yarada bilər. Ona görə də bu işlə əlaqəli həbslərin də şahidi ola bilərik.

Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında yolların təmiri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntuları aşkarlaması bir sıra hüquqi və idarəetmə məsələlərini yenidən gündəmə gətirir. Burada əsas sual təkcə dövlət vəsaitinin hansı qaydada xərclənməsi deyil, həm də belə pozuntulara yol verən şəxslərin məsuliyyətə cəlb olunması mexanizmlərinin nə dərəcədə səmərəli işləməsidir.

Düzdür, Hesablama Palatasının audit zamanı aşkar etdiyi hər bir nöqsan cinayət məsuliyyəti üçün avtomatik əsas deyil. Bəzi hallarda söhbət mühasibat uçotunun düzgün aparılmamasından, satınalma və büdcə intizamının pozulmasından, yaxud vəzifə öhdəliklərinin lazımi səviyyədə yerinə yetirilməməsindən gedə bilər. Belə hallar intizam, inzibati və ya digər hüquqi məsuliyyət yarada bilər.

Lakin işlərin həcmi bilərəkdən şişirdilibsə, görülməyən işlər görülmüş kimi sənədləşdirilibsə, saxta aktlar tərtib olunubsa və bu üsulla dövlət vəsaiti qanunsuz əldə edilibsə, artıq cinayət əlamətlərinin olub-olmaması məsələsi ortaya çıxır. Belə faktlar, sübutlardan və şəxslərin rolundan asılı olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər müvafiq maddələri üzrə araşdırıla bilər. Bunun üçün konkret əməlin, təqsirin, mümkün ziyanın və həmin əməl ilə nəticə arasındakı əlaqənin qanunla tələb olunan qaydada müəyyənləşdirilməsi vacibdir".

Bəs artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məsuliyyəti aradan qaldırırmı?

Hüquqşünas qeyd etdi ki, vəsaitin qaytarılması dövlətin maliyyə maraqlarının bərpası baxımından müsbət haldır. Lakin pulun geri ödənilməsi, əgər əməldə cinayət tərkibi olubsa, həmin əməli avtomatik olaraq hüquqa uyğun etmir və cinayət məsuliyyətini öz-özünə aradan qaldırmır:

“Dövlətə vurulmuş ziyanın ödənilməsi ilə cinayət məsuliyyəti ayrı-ayrı məsələlərdir. Ziyanın könüllü ödənilməsi qanunvericilikdə nəzərdə tutulan hallarda məsuliyyətə və cəzaya təsir göstərə bilər. Ancaq bunun hüquqi nəticəsi konkret cinayətin xarakterindən, qanunun tələblərindən və işin hallarından asılıdır.

Hüquq-mühafizə orqanları təqdim edilən materialları araşdırmalı, zərurət olduqda əlavə sənədləri və izahatları əldə etməli, ödənişlərin əsaslılığını, müqavilələrin icrasını və vəzifəli şəxslərin hərəkətlərini yoxlamalıdırlar. Cinayət əlamətləri müəyyən edildikdə qanunvericiliyə uyğun prosessual qərar qəbul olunmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!