Bakıda fəaliyyət göstərən şadlıq saraylarında keçirilən yoxlamalar toy məclislərində qida təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu ilin yanvar-noyabr aylarında apardığı yoxlamalar zamanı 47 şadlıq sarayından 41-də müxtəlif pozuntular aşkarlanıb.
Bəzi məkanlarda baytarlıq sənədləri olmayan ət məhsulları aşkar edilib, bir neçə şadlıq sarayında isə menyuda mal əti kimi göstərilməsə də, istehlakçılara camış əti, kürü əvəzinə isə süni kürü təqdim olunduğu müəyyənləşib.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, şadlıq evlərində və bir çox restoranlarda qida təhlükəsizliyi qaydaları çox kobud şəkildə pozulur. Ekspertin sözlərinə görə, bunun məsuliyyəti birbaşa sahibkarın üzərinə düşür: İnternetdən sifariş
“Sahibkar ilk növbədə başa düşməlidir ki, fəaliyyət göstərdiyi sahə qida sektorudur. Buna görə də qida sektorunun xüsusiyyətlərini və tələblərini dərindən bilməli, bu sahədə özünü maarifləndirməlidir. Çünki söhbət qidadan gedir və sahibkar insanlara oyuncaq satmır. Bu, geyim deyil ki, insan əyninə uyğun gəlmədikdə geri qaytarsın və ya başqasına versin. Söhbət yeməkdən gedir. İnsan yediyi qidadan zəhərlənə, hətta həyatını itirə bilər.
Ona görə də sahibkarlar bu biliklərə malik olmasalar belə, mütləq mütəxəssislərlə işləməlidirlər. Onlara müəssisədə baxış keçirmək, izahat vermək və qida təhlükəsizliyi ilə bağlı təlimlər keçmək imkanı yaratmalıdırlar. Amma hamısı olmasa da, bir çox şadlıq evlərinin sahibkarları əsasən qazanc əldə etməyi düşünürlər. Onlar üçün əsas məsələ toyların keçirilməsi və pul qazanmaqdır. Halbuki ətlərin hansı emal prosesindən keçdiyini, emaldan sonra soyuducuya qoyulub-qoyulmadığını bilməlidirlər.
Məsələn, şişə çəkilmiş ətlər çox vaxt otaq temperaturunda uzun müddət saxlanılır və nəticədə keyfiyyətini itirməyə başlayır. Bu zaman mikrobioloji çirklənmə baş verir. Həmin məhsul qida zəncirinin son mərhələsində istehlakçıya təqdim olunduqda zəhərlənməyə səbəb ola bilər”.
A. Salamov qeyd edib ki, bununla yanaşı qrildə bişirilən ətlər sobadan çıxarıldıqdan sonra uzun müddət otaq temperaturunda saxlanılır və soyuyaraq süfrəyə təqdim olunur:
“Bu kimi məhsullar düzgün şərtlər altında soyudulmadıqda və təqdimat zamanı lazımi qaydada qızdırılmadıqda qida zəhərlənməsi baş verə bilər. Digər tərəfdən, ət məhsullarının kifayət qədər bişirilməməsi, lülə kababın içinin çiy qalması da təhlükə yaradır.

Aşpazların tibbi müayinədən keçib-keçməməsi, gigiyena qaydalarına nə dərəcədə əməl etməsi, çarpaz çirklənmənin qarşısının alınması və məhsulların düzgün yerləşdirilməsi məsələləri də diqqətdə saxlanılmalıdır. Bunların hamısı bilik və təcrübə tələb edən məsələlərdir. Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz. Düşünürəm ki, şadlıq sarayları bu məsələlərə daha ciddi yanaşmalı və mütəxəssislərlə işləməyi bacarmalıdırlar.
Camış əti ilə mal ətinin fərqlərinə gəldikdə isə, onların qida dəyəri baxımından oxşar xüsusiyyətləri var. Hər ikisinin tərkibində zülal və yağ mövcuddur. Burada əsas məsələ baytarlıq nəzarətidir. Baytarın verdiyi sənəddə ətin növü dəqiq göstərilməlidir. Bu, mal əti, camış əti, inək əti, dana əti və ya qoyun əti ola bilər. Baytarlıq nəzarətindən keçmiş heyvanlardan əldə edilən məhsullarda problem yoxdur. Eyni zamanda, ətin növü menyuda da qeyd olunmalı və istehlakçıya hansı məhsulun təqdim edildiyi barədə düzgün məlumat verilməlidir”.
Ekspert qeyd edib ki, eyni zamanda menyuda dana əti yazılıbsa, istehlakçıya camış əti təqdim etmək olmaz:
“Eyni qayda dana əti əvəzinə qoyun əti verilməsinə də aiddir. Bu, dana ətinin pis, yaxud camış ətinin keyfiyyətsiz olması demək deyil. Sadəcə olaraq, bu halda istehlakçı aldadılır və onun hüquqları pozulur.
Camış ətini mal ətindən bişdikdən sonra ayırd etmək, demək olar ki, mümkün deyil. Məsələn, ondan soyutma, dana basdırması və ya başqa yemək hazırlandıqda ətin hansı heyvana aid olduğunu vizual olaraq müəyyənləşdirmək çətinləşir. Çiy halda isə rənginə və teksturasına görə müəyyən fərqləri görmək mümkündür. Ancaq bunu da əsasən mütəxəssislər bacarır. Dəqiq nəticə üçün laborator müayinəyə ehtiyac var.
Digər bir məsələ isə şübhəli məhsullarla bağlıdır. Əgər məhsulun rəngində, qoxusunda, dadında və ya tərkibində dəyişiklik varsa, vizual görünüşü xoşagələn deyilsə, bununla bağlı şikayət yarandıqda Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə müraciət etmək olar.
Baytarlıq sənədləri olmayan, mənşəyi məlum olmayan məhsullara görə tətbiq edilən cərimələrə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsinin 220.9-cu maddəsinə əsasən, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə oluna bilərlər. Yəni burada məsələ təkcə cərimə ilə bitmir. Sahibkar cəriməni ödəməklə məsuliyyətdən tamamilə qurtulmuş hesab edilə bilməz. Çünki bu, birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir.
Düşünürəm ki, bu məsələyə daha dərindən yanaşmaq lazımdır. Əsas məqsəd insanların sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsidir”.
Aydan Hacı
Telegram kanalımız