Satıcının çek verməməsi qanun pozuntusudur? - “Vergi yoxlaması zamanı araşdırılır”

saytların hazırlanması

Evə çatdırılma

Satıcının çek verməməsi qanun pozuntusudur? - “Vergi yoxlaması zamanı araşdırılır”

Sosial

18 Noyabr 2026 09:32 207


Alış-veriş zamanı satıcının müştəriyə kassa çeki verməməsi istehlakçıların qarşılaşdığı problemlərdən biridir. Bəzən alıcılar ödəniş etdikdən sonra çeki tələb etməyi unudur, bəzi hallarda isə satıcı özü çeki təqdim etmir.

Bəs satıcı müştəriyə çek vermədikdə hansı məsuliyyəti daşıyır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, satıcı müştəriyə çek vermədikdə, çekdə ödənilən məbləğdən az pul göstərdikdə və ya kassa aparatı olmadan nağd ödəniş qəbul etdikdə qanunu pozmuş sayılır: Sərfəli qiymətə məhsullar

“Pərakəndə satış zamanı nəzarət kassa-aparatı çekinin alıcıya təqdim edilməsi qanunvericiliyin tələbidir. Nəzarət kassa-aparatı çekinin verilməməsi, ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə çek təqdim edilməsi və ya nəzarət-kassa aparatı tətbiq edilmədən nağd hesablaşmaların aparılması vergi qanunvericiliyinin pozulması hesab olunur. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu cür hallara yol verən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilir. Belə ki, təqvim ili ərzində pozuntu ilk dəfə aşkar edildikdə 1 000 manat, ikinci dəfə 3000 manat, üç və daha çox dəfə təkrarlandıqda isə 6000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulur”.

Qurumdan verilən məlumata görə, çek verilmədikdə vətəndaşlar Dövlət Vergi Xidmətinə şikayət edə bilərlər:

“İstehlakçılar kassa çekinin təqdim edilməməsi və ya digər oxşar hallarla qarşılaşdıqda Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər. Bunun üçün DVX-nin rəsmi internet saytında “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsindən istifadə etmək, 195-1 Çağrı Mərkəzinə zəng etmək və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür. Vergi qanunvericiliyinin pozulması ilə bağlı daxil olan müraciətlərdə göstərilən faktlar vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya səyyar vergi yoxlaması zamanı araşdırılır. Nəzarət tədbirləri başa çatdıqdan sonra müraciət edən şəxsə araşdırmanın nəticələri barədə məlumat verilir.

Dövlət Vergi Xidməti istehlakçılara malların alışı və xidmətlərdən istifadə zamanı ödəniş sənədlərini tələb etməyi tövsiyə edir. Kassa çeki ödənişin təsdiqi ilə yanaşı, istehlakçı hüquqlarının qorunması və “ƏDV geri al” layihəsi çərçivəsində müvafiq məbləğin geri qaytarılmasından yararlanmaq üçün də əsasdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!