İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib.
“Yeni Sabah” beynəlxalq mediaya istinadən xəbər verir ki, zəlzələ noyabrın 17-də səhər saatlarında İndoneziyanın Maluku bölgəsi yaxınlığında, Banda dənizində qeydə alınıb.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, yeraltı təkanların episentri Cənub-Şərqi Malukudan təxminən 132 kilometr cənub-qərbdə, dənizdə yerləşib. Zəlzələnin ocağı 97 kilometr dərinlikdə olub. Onlayn mağaza
Malayziyanın milli xəbər agentliyi BERNAMA-nın məlumatına görə, ilkin olaraq 7,1 bal gücündə qeydə alınan zəlzələnin maqnitudası sonrakı hesablamalarda 6,8-ə endirilib.
Yeraltı təkanlar Maluku və Papua bölgələri də daxil olmaqla, İndoneziyanın bir sıra ərazilərində hiss olunub. Saumlaki, Tual, Soronq və Manokvari şəhərlərində sakinlər titrəyişləri hiss ediblər.
BMKG zəlzələnin sunami təhlükəsi yaratmadığını açıqlayıb. Agentliyin yerli vaxtla saat 04:25-ə olan məlumatına əsasən, həmin vaxtadək afterşoklar qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, İndoneziya Sakit okeanın “Odlu halqası” adlanan seysmik fəal zonada yerləşir. Bu səbəbdən ölkədə tez-tez zəlzələlər baş verir.
Telegram kanalımız