10 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatında nəzərəçarpacaq artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında 310 mindən artıq mülkiyyət hüququ (+3,4%) rəsmi qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Hesabat dövründə rəsmiləşdirilən mülkiyyət hüquqlarının 58 mindən çoxu (18,7%) ilkin, 252 mindən çoxu (81,3%) isə təkrar qeydiyyatın payına düşüb. Ümumi qeydiyyatların 90.905-i (29,3%) paytaxt Bakıda, qalan böyük hissəsi isə regionlarda aparılıb. İnternet mağaza
Əməliyyat növləri üzrə dinamikaya nəzər saldıqda, ilkin dövlət qeydiyyatında 0,7%, alqı-satqı əməliyyatlarında 10,1%, vərəsəlikdə 4,3%, bağışlamada 15%, digər əməliyyatlarda isə 16,7% artım müşahidə olunub. Bunun əksinə olaraq, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma baş verib. Bu azalma Prezidentin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə əlaqədardır.
Əmlak növləri üzrə statistikada fərdi yaşayış və bağ evləri 14,7%, qeyri-yaşayış sahələri 11,6%, qeyri-yaşayış binaları 10,3%, mənzillər isə 1,7% artım nümayiş etdirib. Eyni zamanda, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4%, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7%, torpaq sahələri üzrə isə 0,5% azalma qeydə alınıb.
Bundan başqa, yanvar-oktyabr aylarında 56 878 ipoteka (9,9 faiz artım) və 6 577 icarə və istifadə hüququ (12,6 faiz artım) dövlət qeydiyyatına alınıb, daşınmaz əmlak obyektləri üzrə 219 018 texniki pasport tərtib edilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız