Siqaretə tətbiq edilən idxal gömrük rüsumunun artırılması 2027-ci ilin fevralından etibarən qiymətlərin yüksəlməsi ehtimalını gündəmə gətirib.
Bəs yeni qərar siqaretin pərakəndə satış qiymətinə necə təsir edəcək? Bir qutunun qiyməti bir neçə qəpik artacaq, yoxsa siqaret çəkənləri daha ciddi bahalaşma gözləyir?
İqtisadçı Elşən Bağırzadə mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında yeni qərarın siqaret bazarına mümkün təsirlərini izah edib: İnternetdən sifariş
“2027-ci ilin fevralından tətbiq ediləcək yeni gömrük rüsumları idxal olunan siqaretlərin qiymətində müəyyən artıma səbəb ola bilər. Lakin bahalaşmanın bütün siqaret markaları üzrə eyni məbləğdə olacağını gözləmək düzgün deyil. Yeni qərara əsasən, hazırda hər 1000 ədəd siqaret üçün 0,5 ABŞ dolları olan idxal rüsumu məhsulun gömrük dəyərinin 15 faizi, lakin minimum 3 ABŞ dolları səviyyəsində müəyyən edilir.
Hesablamalar göstərir ki, minimum rüsumun artırılması nəticəsində 20 ədədlik bir siqaret qutusuna düşən əlavə gömrük xərci təxminən 8,5 qəpik təşkil edəcək. Gömrük dəyəri daha yüksək olan siqaretlərdə isə bu məbləğ daha çox olacaq. Məsələn, 1000 ədəd siqaretin gömrük dəyəri 40 ABŞ dolları olduqda bir qutuya düşən əlavə rüsum təxminən 19 qəpik, 60 dollar olduqda isə 29 qəpik təşkil edəcək. Ancaq bu rəqəmlər siqaretin pərakəndə satış qiymətinin mütləq həmin məbləğdə artacağı anlamına gəlmir. Son qiymət idxalçıların və pərakəndə satıcıların əlavə xərclərin hansı hissəsini istehlakçıya ötürməsindən, bazardakı rəqabətdən və qiymət siyasətindən asılı olacaq”.
O bildirib ki, yeni rüsum yalnız idxal siqaretlərinə tətbiq olunacaq, lakin bu, yerli istehsalçıların da qiymət siyasətinə təsir göstərə bilər:
“Digər mühüm məqam odur ki, yeni gömrük rüsumu birbaşa idxal edilən hazır siqaretlərə tətbiq olunur. Azərbaycanda istehsal edilən siqaretlərin maya dəyərinə bu dəyişiklik birbaşa təsir göstərmir. Bununla belə, idxal məhsullarının bahalaşması yerli istehsalçıların qiymət siyasətinə də dolayı təsir edə bilər. Göründüyü kimi, idxal olunan siqaretlərin qiymətində artım ehtimalı yüksəkdir. Lakin bütün markalar üzrə vahid bahalaşmadan danışmaq olmaz. Minimum rüsum tətbiq olunan məhsullarda bir qutuya düşən əlavə gömrük xərci 8,5 qəpik, daha yüksək gömrük dəyərinə malik məhsullarda isə 20-30 qəpik və ya daha çox ola bilər. Faktiki pərakəndə qiymət artımının nə qədər olacağı isə şirkətlərin qiymət qərarlarından asılıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız