“Sonra da televiziya rəhbəri çıxıb deyir ki, “Titanik” kimi batırıq...”

saytların hazırlanması

Evə çatdırılma

“Sonra da televiziya rəhbəri çıxıb deyir ki, “Titanik” kimi batırıq...”

Sosial

08 İyul 2026 09:33 276


İTV-nin baş direktoru Balakişi Qasımovun ənənəvi televiziyanı “Titanik”in batmasına bənzədib. Eyni fikir artıq çap və onlayn mediası haqqında da işlədilir. Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı bu fikri qətiyyətlə rədd edir.

“Səsləndirilən fikirlərdə həqiqət payı var. Ancaq televiziya təkcə xəbərdən ibarət deyil”.

Bunu “Yeni Sabah”a Elçin Şıxlı deyib. pizza hut

“Televiziyada kontent olmalıdır. Məzmun olmayan yerdə istər sosial şəbəkə olsun, istər televiziya fərqi yoxdur. Televiziya sadəcə platformadır. Platformalar dəyişə bilər, yeni texnologiyalar yarandıqca ötürmə formaları da dəyişəcək. Amma əsas məsələ məzmundur”.

AJB sədri futbol üzrə dünya çempionatını nümunə göstərib:

“DÇ-2026 İctimai Televiziyada yayımlanır. Onu hansı sosial şəbəkədə eyni atmosferlə izləmək mümkündür? Elə bir imkan yoxdur”.

E.Şıxlı hesab edir ki, media yalnız peşəkar məzmun hazırladığı halda sosial şəbəkələrlə rəqabət apara bilər:

“Əgər məzmun yarada bilmiriksə, təbii ki, sosial şəbəkəyə, bozbaş bişirib başı üstə duran adamlara uduzacağıq. Amma peşəkarıqsa, peşənin nə olduğunu anlayırıqsa və cəmiyyəti maraqlandıran sosial problemləri qabardıb onların həllinə çalışan bir jurnalistika yarada biliriksə, bizi heç kim uduzmayacaq”.

O bildirib ki, hazırda bir çox media orqanı sosial şəbəkələrin arxasınca getməyə çalışır və bunun nəticəsində peşəkarlıq arxa plana keçir:

“Hamı oturub sosial şəbəkəni izləyir ki, görüm kim nə yazıb, onun arxasınca gedək. Belə olanda peşə də itir, peşəkarlıq da itir. Sonra da televiziya rəhbəri çıxıb deyir ki, biz “Titanik” kimi batırıq".

Dünyanın bir çox media qurumlarında jurnalistlər redaksiya ilə yanaşı, məsafədən fəaliyyət göstərir və frilans əməkdaşlıq formatına daha çox yer verilir. Pandemiya dövründə Azərbaycanda da bu model tətbiq olunsa da, sonradan geniş yayılmadı. AJB sədri jurnalistlərin məsafədən işləmə çağırışını dəstəkləmir:

“Məsafədən işləmək effektiv iş modelidir və böyük ofisə ehtiyac yaratmır. Amma frilans jurnalist müstəqil araşdırma aparır, materialını hazırlayır və daha sonra redaksiyaya təqdim edir.

Bununla belə, redaksiya mühitinin öz üstünlükləri var. Bir var, evdə tək işləyirsən, öz qazanında bişirsən, bir də var, redaksiyada oturasan. Həmkarlarınla, peşəkarlarla ünsiyyətdə olursan, fikir mübadiləsi aparırsan və ümumi bir atmosfer yaranır. Həmin atmosferdə bəzən sənin ağlına gəlməyən ideyaları həmkarların sənə ötürür.

Redaksiya elə bir yerdir ki, orada ünsiyyət olmalıdır. Ünsiyyət olduqda insanlar yeni ideyaları bir-biri ilə bölüşür, hansısa hadisə ətrafında fikir mübadiləsi aparırlar. Bu baxımdan redaksiya atmosferi maraqlı və vacibdir.

İnsanlar getdikcə daha çox təkləşirlər. İndi kimə baxırsan, küçədə də, evdə də hamı telefonun içindədir. İnsanlar bir-biri ilə ünsiyyət qurmurlar. Redaksiya isə bunun əksidir. Orada ünsiyyət var və həmin ünsiyyət yeni fikirlərin yaranmasına kömək edir.

Medianın gələcəyi iş formasından yox, peşəkarlıqdan asılıdır. Jurnalistika peşədir və onun peşəkarları var, olmalıdır. Sosial şəbəkədə kiminsə başı üstə durması, çılpaq bədənini göstərməsi, yaxud başqa yollarla auditoriya toplaması jurnalistika deyil. Ola bilər auditoriyanı cəlb etsin, amma bunun peşəyə heç bir aidiyyəti yoxdur”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!