Sürücülərə xəbərdarlıq – Bu hallarda maşın “ştrafnoy”a aparılır

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə xəbərdarlıq – Bu hallarda maşın “ştrafnoy”a aparılır

Avto

07 Sentyabr 2026 14:37 197


Sürücülərin gündəlik həyatda ən çox qarşılaşdığı və narahatlıq doğuran məsələlərdən biri nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 96-cı maddəsinə və "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinə əsasən, bu tədbir hər bir qayda pozuntusuna görə tətbiq olunmur və yalnız qanunla müəyyən edilmiş spesifik hallarda həyata keçirilir.

“Yeni Sabah”ın araşdırmasına əsasən, nəqliyyat vasitəsinin duracağa təxliyə edilməsinin başlıca səbəbləri sırasına sürücünün idarəetmə hüququ və fiziki vəziyyəti ilə bağlı qayda pozuntuları daxildir. İXM-in 332-ci maddəsinə əsasən sürücülük hüququ olmayan, 334-cü maddəsinə əsasən bu hüquqdan məhrum edilən və ya 333-cü maddəyə uyğun olaraq sükan arxasına sərxoş — spirtli içki, narkotik vasitələr və ya digər güclü təsir edən maddələrin təsiri altında əyləşən şəxslər aşkar edildikdə avtomobil dərhal cərimə meydançasına aparılır. Eyni zamanda, İXM-in 335-ci maddəsinə görə sürücünün yanında idarəetmə üçün zəruri olan sənədlər olmadıqda və yerində bu çatışmazlığı aradan qaldırmaq mümkün gəlmədikdə nəqliyyat vasitəsi müvəqqəti saxlanılır.

Texniki vəziyyət və qeydiyyat tələblərinin pozulması da avtomobilin saxlanılması üçün hüquqi əsas yaradır. İXM-in 342-ci maddəsinə əsasən əyləc sistemi və ya sükan idarəetməsi xarab olan, normativ tələblər pozulmaqla qanunsuz yenidən təchiz edilən, eləcə də İXM-in 339-cu maddəsinə uyğun olaraq dövlət qeydiyyat nişanları olmadan, saxta və ya özgəsinə aid nömrələrlə idarə olunan nəqliyyat vasitələrinin hərəkəti qadağan olunaraq duracağa göndərilir. pizza

Dayanma və durma qaydalarının ciddi şəkildə pozulması zamanı da təxliyə mexanizmi işə düşür. Bu qaydalar İXM-in 346-cı maddəsi və "Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsi ilə tənzimlənir. Park edilmiş avtomobil digər hərəkət iştirakçılarına maneə yaratdıqda — piyada keçidində, avtobus dayanacağında, tuneldə, körpüdə və ya hərəkət hissəsində ikinci cərgədə saxlanıldıqda və sürücü yerində olmadıqda yol polisi avtomobili təxliyə edir. Sürücü avtomobil təxliyəediciyə yüklənənədək gəlib çatarsa və pozuntunu yerində aradan qaldırarsa, avtomobil cərimə meydançasına aparılmır, yalnız protokol tərtib olunur.

Bundan əlavə, İXM-in 345-ci maddəsinə əsasən sürücü polisin qanuni "saxla" tələbinə tabelik göstərmədikdə, yol-nəqliyyat hadisəsi zamanı ekspertiza keçirilməsi zərurəti yarandıqda və İXM-in 130-cu maddəsinə uyğun olaraq ödənilməmiş cərimələr üzrə qanuni qüvvəyə minmiş xüsusi qərarlar olduqda da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması həyata keçirilir. Avtomobil saxlanılmasına səbəb olan hallar aradan qaldırıldıqdan və müvafiq xərclər ödəniləndən dərhal sonra sahibinə təhvil verilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!