1931-ci ildə psixoloq Winthrop Niles Kellogg və həyat yoldaşı Luella Kellogg təbiətinmi, yoxsa mühitinmi insan davranışını formalaşdırdığını araşdırmaq məqsədilə olduqca mübahisəli bir təcrübəyə başlayıblar. Onlar 10 aylıq oğulları Donaldı 7,5 aylıq Gua adlı şimpanze ilə eyni evdə böyüdüblər.
“Yeni Sabah”ın məlumatına görə, təcrübənin əsas ideyası o idi ki, əgər bir şimpanze tamamilə insan kimi böyüdülsə, o, insan davranışlarını nə dərəcədə mənimsəyə bilər? Bu yanaşma həmin dövrdə psixologiyada geniş müzakirə olunan “insanın xüsusiyyətləri doğuşdan gəlir, yoxsa sonradan öyrənilir?” sualına eksperimental cavab tapmaq cəhdi idi.
Gua və Donald aylarla eyni şəraitdə yaşayıblar. Onlar eyni yeməkləri yeyib, eyni geyimləri geyinib və eyni gündəlik qaydalara əməl ediblər. Təcrübə zamanı Guanın təlimatları anlama qabiliyyəti, problem həll etmə bacarığı və emosional reaksiyaları müşahidə olunub. pizza hut
İlk aylarda Gua gözlənilmədən yüksək nəticələr göstərib. O, sadə əmrlərə tez reaksiya vermək və çəngəl-bıçaqdan istifadə etmək kimi bacarıqlarda Donaldı belə geridə qoyub. Lakin dil inkişafı sahəsində gözlənilən nəticələr əldə olunmayıb. Üstəlik, zaman keçdikcə Guanın daha sürətlə böyüməsi və Donaldın ona bənzər davranışları təqlid etməyə başlaması diqqət çəkib. Donald müxtəlif səslər çıxarır, mimika və jestlərində şimpanzelərə xas xüsusiyyətlər nümayiş etdirirdi.
Təxminən doqquz ay davam edən təcrübədən sonra Kellogg cütlüyü araşdırmanı dayandırmaq qərarına gəlib. Buna səbəb Donaldın xüsusilə nitq inkişafında geriləmə əlamətlərinin müşahidə olunması və getdikcə şimpanzeyə bənzər davranışlar sərgiləməsi olub.
Donald sonradan yenidən insanlardan ibarət adi sosial mühitə qayıdıb və uzunmüddətli ciddi fəsad olmadan normal inkişafını davam etdirə bilib. Gua isə təcrübə başa çatdıqdan sonra laboratoriyaya qaytarılıb və təxminən bir il sonra ölüb.
Winthrop Niles Kellogg bu araşdırmanın nəticələrini “Humanizing the Ape” (“Meymunun İnsanlaşdırılması”) adlı əsərində yayımlayıb. Təcrübə həmin dövrdə etik baxımdan ciddi mübahisələrə səbəb olub. Kelloggun valideynlik yanaşması tənqid edilib, eyni zamanda bu araşdırma psixoloqlara insan davranışlarının nə qədərinin öyrənildiyi, nə qədərinin irsi olduğu, heyvanların idrak imkanlarının sərhədləri və uşaq inkişafında mühitin rolu kimi mühüm sualları daha dərindən araşdırmaq imkanı verib.
Aydan Hacı
Telegram kanalımız