“Söhbət ABŞ Prezidenti Donald Tramp kimi ictimai fiqurdan gedirsə, məsələ mürəkkəbdir. Onun psixoloji portretini səciyyələndirərkən təkcə şəxsi fikirlərə yox, tanınmış Amerika psixiatr və psixoloqlarının ümumi yanaşmalarına istinad edə bilərəm. Hətta onlar belə vurğulayıb ki, Trampın ən üstün xüsusiyyətlərdən biri narsisizmidir. Yəni özündən həddən artıq razı, daim diqqət mərkəzində olmağı sevən bir şəxsdir”.
Bunu “Yeni Sabah”a psixoterapevt Azad İsazadə deyib.
O qeyd edib ki, insan haqqında qəti psixoloji diaqnoz qoymaq çox çətindir:
“Donald Trampın əvvəlki illərdəki davranışları ilə indiki rəftar və bəyanatlarını müqayisə etsək, fərqlər aydın şəkildə görünür. O, ağıllı və çevik düşünəndir, amma həm də emossiyalara tez qapılan siyasətçidir. Bəzi mütəxəssislərin fikrincə, Trampın davranışlarında məntiqdən uzaq, impulsiv qərarlar müşahidə olunur.
Xüsusilə son illərdə yaş faktoru ilə bağlı müəyyən koqnitiv dəyişikliklərin ola biləcəyi barədə fikirlər səsləndirilir. Bu zaman bəziləri diqqət dağınıqlığı, qeyri-ardıcıl nitq və ya məntiqsiz çıxışlar olur. Hətta bəzi psixoloqlar ehtimal olaraq demensiyanın (qoca kəmağıllığı) əlamətlərindən danışsalar da, bu, rəsmi diaqnoz deyil və mübahisəli fikirdir.
Əgər onun əvvəlki illərdəki davranışları ilə indiki çıxışlarını müqayisə etsək, fərqlər müəyyən suallar doğurur. Məsələn, o, bəzən susmağın daha doğru olacağını anlasa da, yenə danışmağı, xüsusilə sosial şəbəkələrdə aktiv olmağı seçir. Bu isə bəzən siyasi proseslərə də təsir edir. Məsələn, diplomatik danışıqlar zamanı, adətən, müəyyən “sükut” və balans qorunmalıdır ki, tərəflər mövqelərini yaxınlaşdıra bilsin. Amma Tramp tez-tez açıq və kəskin açıqlamalar verir, bəzən şəxsi və emosional formada yazılar paylaşır. Bu isə qarşı tərəfdə mənfi reaksiya yarada və danışıqları çətinləşdirə bilər.Amma burada əsas məsələni təkcə onun şəxsiyyəti ilə izah etmək düzgün olmaz”.
A.İsazadə ABŞ Prezidentinin geniş hərbi, siyasi və iqtisadi səlahiyyətlərə malik olduğunu istinadla qeyd edib:
“Tramp demokratik şəkildə seçilmiş liderdir və ABŞ cəmiyyətinin müəyyən hissəsinin dəstəyini qazanıb. Bu isə göstərir ki, məsələ bir insanla bağlı deyil, eyni zamanda cəmiyyətin daxili bölünməsi ilə də əlaqəlidir. Hazırda ABŞ cəmiyyətində ciddi qütbləşmə müşahidə olunur: Tramp tərəfdarları və ona qarşı olanlar.
Bu bölünmə təkcə Amerikanın daxili siyasəti üçün yox, ümumilikdə dünya siyasəti üçün də müəyyən risklər yaradır. Digər tərəfdən, belə güclü dövlətin lideri olmaq çox böyük məsuliyyət və imkanlar deməkdir.
Liderin davranış tərzi və qərarları qlobal təsir gücünə sahib olur. Nəticə olaraq demək olar ki, Trump mürəkkəb və ziddiyyətli bir fiqurdur. Onun davranışlarını həm şəxsi psixoloji xüsusiyyətləri, həm də siyasi kontekst birlikdə formalaşdırır. Ona görə də onu yalnız bir tərəfdən qiymətləndirmək düzgün olmaz".
Aytəkin Əzizqızı
Telegram kanalımız