Uşaqlarımız nə oxusun? - Problem

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarımız nə oxusun? - Problem

Sosial

17 Noyabr 2022 15:35 1251


Müasir dövr Azərbaycan ədəbiyyatında yeni simalar özlərini bəlli etsələr də, əsasən, oxucular dünya klassiklərinin və sovet Azərbaycanı ədəbiyyatının bestseller olan əsərlərini oxumağa üstünlük verirlər.

Lakin bu məsələdə bir amma da var. Hər nə qədər nəşriyyat qurumları və naşirlər bir çox əsərləri Azərbaycan türkcəsinə tərcümə etdirərək onu xeyli sayda tirajla çap etdirsələr də, bu məsələdə uşaq ədəbiyyatının gözə çarpacaq qədər zəifliyi hər kəs tərəfindən məlumdur.

İstər müəllif, istərsə də milli folklorumuza aid olan uşaq ədəbiyyatındakı yazılar demək olar ki, barmaqla sayılası qədər azdır. pizza hut

Çıxış yollarından danışan ədəbiyyat tənqidçisi, “Şərq-Qərb” nəşriyyatının Baş redaktoru Nərgiz Cabbarlı Yenisabah.az-la söhbətində səslənən fikirlərə qatıldığını deyib.

Tənqidçi etiraf edib ki, uşaq ədəbiyyatı sahəsi təəssüf ki, ədəbiyyatımızın ən zəif sahələrindən biridir:

“Bu, indinin məsələsi deyil. Təxminən deyək ki, müstəqillik illərindən bəri bizdə bu sahədə inkişaf demək olar ki, getməyib. Kimlərsə yazıbsa da, onlar yalnız əvvəlki illərə məxsus yazıçılardır.

Mən bir ara uşaq nəşrləri ilə məşğul olan bir adam kimi çalışırdım ki, yeni mətnlər gəlsin. Nə qədər köhnə mətnləri, köhnə yazıçıları çap etmək olar? Biz istəyirdik ki, uşaq ədəbiyyatında yeni imzalar meydana çıxsın. Amma təəssüf ki, biz mətn tapmaq baxımından çətinlik çəkirdik. Mən ədəbiyyat tənqidçisi kimi deyə bilirəm ki, filan şairin, yazıçının yaradıcılığına istiqamət götürsək, yaxşı uşaq şeirləri və nağıllar alına bilər. Hətta onlara sifariş belə verəndə yenə də nəticə əldə edə bilmirdik”.

N. Cabbarlıya görə, bu gün uşaq ədəbiyyatında barmaqla sayılacaq bir neçə imza var:

“Zahid Xəlil, Sevinc Nuruqızı, Aygün Bünyatzadə və s. Yəni bu adamların imzası üzərində dayanıb bizim uşaq ədəbiyyatımız. Amma populyar bir neçə imzalar da var ki, təəssüf ki, o populyarlığın arxasında mətn baxımından heç nə dayanmır.

Mən bəzən naşirləri ittiham edirəm ki, sifarişlə iş görmək, hələ-hələ uşaq ədəbiyyatında belə şeylərə yol vermək qəti şəkildə olmaz. Çünki bu, elə bir şeydir ki, məsələn, uşağın zövqü, dünya görüşü, psixologiyası və s. Bunlar hamısı o ədəbiyyatdan çox asılıdır. Bəzən biz folklorumuzda olan nağılları da çap etdirib uşaqlara oxutdururuq. Çox zaman da valideynlər müraciət edir ki, burada yalançılıqdan, hiyləgərlikdən danışılır, mənim uşağım bunu niyə oxusun? Amma biz uşaqlarımızı cəmiyyət və dünya üçün hazırlayırıq ki, onlar istər-istəməz həyatda çox müxtəlif hadisələrlə qarşılaşacaqlar”.

“Doğrudur, hamımız valideyn kimi istəyirik ki, uşağımızı qəddarlıqdan, şiddətdən, pis insanlardan qoruyaq, amma həyat bu, deyil. Onsuz da uşaq bu həyatın içinə atılacaq və onu güclü insan kimi yetişdirmək üçün bu, çox vacibdir.

Məsələn, nağıllarımızda div, əjdaha var. Valideynlər də deyirlər ki, uşağım bunu oxuyub qorxacaq, xeyr! Uşaq buna hazır olmalıdır. Nağıllarımız bizim uşaqlarımızı gələcəyə hazırlayan mətnlərdir. Uşaq bilməlidir ki, həyatda pislik, yaxşılıq, şiddət, paxıl insan – bir sözlə o, hər şeylə həyatda qarşılaşacaq. Biz onları bunlardan qoruya bilmərik. Amma nağıllarımızın mətni bunu elə bir şəkildə təqdim etməlidir ki, o mətnlər uşağa “sən get, şiddət göstər” informasiyasını verməsin. Əksinə, “hazırlıqlı ol ki, həyatda bununla qarşılaşa bilərsən” fikrini aşılasın”, – əlavə edib.

Naşirin dediyinə görə, uşaq ədəbiyyatı çox vacib bir sahədir ki, bu, bizim uşaqlarımızı gələcək həyata hazırlayır:

“Bunlar şüuraltı olaraq, çox müxtəlif informasiyaları uşağa ötürür. Ona görə də o mətnləri çap edən adamlar və o mətnləri oxucuya təqdim edən mətbuat, eyni zamanda o mətni yazan müəlliflər də həddindən artıq diqqət etməlidirlər.

Bizdə, həmçinin, hansı sahədə boşluqdursa, o sahədə maddiyyat qazanmaq məqsədilə müraciət edirlər. Amma burada artıq vicdan, məsuliyyət məsələsi dövriyyəyə girir. Bu gün biz görürük, dünya ədəbiyyatından olan əsərlərin tərcüməsi olunur, amma tərcümələrin alt qatında yanlış informasiyaların ötürülməsi prosesi gedir. Çox təəssüf ki, mətbuatda və sosial mediada bununla qarşılaşırıq. Çünki biz istəyirik ki, uşağımızı milli və dünyəvi düşüncədə böyüdək. Amma elə şeylər var ki, uşaqlar kiçik yaşda bu ziyanlı təsirlərə qapılırsa, sonrakı illərdə onu oradan çıxarmaq, onun beynindən silmək çətin olur. Boş yerə demirlər ki, “uşağın beyni ağ kağız kimidir”. Bu baxımdan, bizim ədəbiyyatımız, mətnlərimiz və kitablarımız çox diqqətlə və həssaslıqla hazırlanmalıdır. Bu sahədə o qədər boşluq var ki, bu gün mən uşaq ədəbiyyatında qürrələnəcək bir şeyi şəxsən görmürəm”.

Təhsil eksperti Kamran Əsədov isə problemin mahiyyətini qəbul imtahanları proqramlarının ağırlığı ilə əlaqələndirib:

“İlk növbədə, qeyd edim ki, bizim orta ümumtəhsil məktəblərimizdə 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, bu gün bizim orta ümumtəhsil məktəblərimizdə oxuyan şagirdlər daha çox tədris yüklərini və oxuma maraqlarını yalnız ali təhsil müəssisələrinin qəbul imtahanlarına yönəldiblər. Yəni bu gün bizim şagirdlərinin əlavə oxu materialları ilə vaxt keçirməsinə təbii ki, vaxtları yoxdur. Çünki hazırda istər ali, istərsə də orta ixtisas təhsil müəssisələrində keçirilən qəbul imtahanları o qədər ağırdır ki, bizim uşaqlarımız yalnız bütün vaxtlarını və enerjilərini sərf edirlər məhz bu tipli imtahanlara”.

Ekspert əlavə edib ki, bununla bərabər övladlarımızın şəxsiyyət kimi formalaşmasına əlavə oxu materialları çox müsbət təsir göstərməlidir:

“Bu gün bizim 4,432 orta ümumtəhsil məktəblərimizin hər birində kitabxana var. Lakin etiraf edək ki, kitabxana fondu bu gün şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına və dünya görüşünə uyğun deyil. Demək olar ki, kitablar 2004-cü ildən etibarən cənab Prezidentinin sərəncamına əsasən, kiril əlifbasından latın əlifbasına tərcümə olunub və bu gün bütün kitabxanalarda kitabxana fondu var. Amma oradakı kitabxanalar birmənalı şəkildə uşaqların maraq dairəsinə uyğun deyil”.

“Biz bu gün Bakıdakı “book shop”lara gedəndə görə bilərik ki, orada uşaqlar daha çox detektiv janrında, yaxud azyaşlı uşaqlar üçün maraqlı şəkilli kitablara maraq göstərirlər. Amma bu gün bizim yerli yazarlarımız çox təəssüflər olsun ki, uşaq ədəbiyyatı ilə bağlı resurslar ortaya çıxara bilmir, bu istiqamətdə ciddi boşluqlar var. Bizim tədqiqat istiqamətimiz uşaqların yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Biz birmənalı şəkildə bundan öz narahatlıqlaırmızı ifadə edirik”, – vurğulayıb.

K. Əsədov onu da söyləyib ki, ayrıca olaraq, bununla bağlı Elm və Təhsil Nazirliyi uşaq ədəbiyyatının sifarişçisi olmalıdır:

“İbtidai sinifdə uşaqların oxuma, yazma, dinləmə və anlama qabiliyyətini yüksəltməkdən ötrü sifariş verməlidir. Amma bu gün dövlət qurumları sifariş vermir. Təbii ki, vətənpərvərlik, şagirdlərin bir-birinə davranışı, məktəbə, dövlətə münasibətilə bağlı sifarişlər olsa, bu, çox yaxşı bir tendensiya olar. Məsələn, qardaş Türkiyədə bu təcrübə var. Eyni zamanda dünyanın bir sıra ölkələrində azyaşlı uşaqlar və onların yaş xüsusiyyətinə uyğun kitablar sifariş verilir”.

Həmsöhbətimiz aydınlaşdırıb ki, SSRİ dönəmində bu, var idi:

“Bu, ideologiya deyil. Biz şəxsiyyət kimi, uşaqlarımızı formalaşdırmaq istəyiriksə, uşaq ədəbiyyatına xüsusi diqqət yetirməliyik. Ayrıca sovetin vaxtında çox ciddi uşaq ədəbiyyatları, nağıllar və şeirlər var idi. Lakin çox təəssüf ki, bu gün biz bunları görə bilmirik. Valideynlər türk və ingilis dilindən tərcümə olunmuş materialları uşaqlarına alıb verirlər ki, bu da bizim milli dəyələrimizə bir çox hallarda uyğun olmur. İstər hekayələrin qəhrəmanları, eyni zamanda mətnləri çox ciddi bir məsələdir. Hesab edirəm ki, Azərbaycanda uşaq ədəbiyyatına və uşaqlar üçün yazılacaq resurlara çox cidid ehityac var”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!