“Son günlər uşaq pulu məsələsi Azərbaycan gündəmini tutub. Mən hesab edirəm ki, bu məsələ daha dərindən təhlil olunmalıdır. Ümumiyyətlə, uşaqlara müxtəlif adlar altında müavinətlərin, o cümlədən, uşaqpulunun verilməsinin tərəfdarıyam. Çünki bu işin fəlsəfəsi ölkənin gələcəyinə yatırım etməkdən ibarətdir. Əgər gələcəyimizi düşünürüksə, ilk növbədə uşaqlara və yeniyetmələrə qayğı göstərilməlidir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
O bildirib ki, uşaqlara yönələn sosial ödənişlər ölkənin uzunmüddətli inkişafına sərmayə mahiyyəti daşıyır və bu mövzunun ictimai müzakirəyə çıxarılması normal haldır: pizza hut
“Dünyanın əksər ölkələrində uşaqpulu ona görə verilir ki, uşaqlar normal qidalana bilsin, tibbi xidmətlərdən yararlansın, sağlam böyüsün və sosial ehtiyaclarını qarşılaya bilsinlər. Bununla yanaşı, bu ödənişlər demoqrafik siyasətin bir hissəsi kimi də tətbiq olunur və ailələri uşaq sahibi olmağa təşviq edir.
Dünyada uşaq pulu əsasən iki model üzrə verilir. Birinci model universal modeldir. Bu modeldə ailənin gəlirindən asılı olmayaraq, hər uşağa dövlət tərəfindən müəyyən məbləğdə ödəniş edilir. İsveç, Norveç, Finlandiya, Danimarka, Almaniya və Kanada kimi ölkələr bu yanaşmadan istifadə edirlər. Burada məqsəd ailələrin yükünü azaltmaq, doğumu təşviq etmək və uşaq yoxsulluğunu minimuma endirməkdir.
İkinci model isə ehtiyac meyarına əsaslanan modeldir. Bu sistemdə ödənişlər əsasən aztəminatlı ailələrə və ya gəlirləri müəyyən həddən aşağı olan vətəndaşlara verilir. ABŞ, Avstraliya, Yeni Zelandiya, bir sıra Şərqi Avropa ölkələri, eləcə də Azərbaycan, Gürcüstan və Ermənistan bu modelə üstünlük verirlər”.
Deputat ölkədə uşaqlara dair müxtəlif sosial ödəniş və dəstək mexanizmlərinin hazırda tətbiq olunduğunu qeyd edib:
“Azərbaycanda uşaqlarla bağlı müxtəlif istiqamətlər üzrə müavinətlər mövcuddur. Məsələn, hər yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilir. Üç yaşınadək uşağa qulluq edənlər üçün müavinət verilir. Əlilliyi müəyyən edilmiş uşaqlar, himayəyə götürülmüş uşaqlar və aztəminatlı ailələrin övladları üçün də müxtəlif sosial dəstək mexanizmləri tətbiq olunur. Ümumilikdə, təxminən 5-10 istiqamətdə müxtəlif müavinətlər nəzərdə tutulub.
Cəmiyyətdə daha çox müzakirə olunan məsələ Azərbaycanda universal uşaq pulunun tətbiqinin mümkün olub-olmamasıdır. Hazırda ölkədə təxminən 2,7 milyon uşaq var. Əgər hər uşağa aylıq 100 manat ödənilsə, bunun üçün ildə təxminən 3,5 milyard manata yaxın vəsait tələb olunur. Aylıq məbləğ 50 manat olarsa, illik xərc təxminən 1,6 milyard manat təşkil edər”.
E. Musayev vurğulayıb ki, iqtisadi potensial artdıqca sosial ödənişlərin yüksəldilməsi də müzakirə predmetinə çevrilə bilər:
“Hesab edirəm ki, Azərbaycanın iqtisadi imkanları genişləndikcə sosial ödənişlərin və müavinətlərin artırılması məsələsi də müzakirə oluna bilər. Ölkənin potensialı buna imkan verir və bu istiqamətdə müxtəlif variantlar nəzərdən keçirilə bilər.
Müxtəlif ölkələrdə uşaq pulunun məbləği də fərqlidir. Almaniyada hər uşağa görə aylıq 255 avro ödənilir. Lüksemburqda bu rəqəm 300 avrodan çoxdur. İsveçdə 125-140 avro, Estoniyada təxminən 70 avro, Finlandiyada 95-110 avro, Macarıstanda isə 30-35 avro civarında ödəniş edilir. Danimarkada isə yaş qruplarına görə məbləğlər dəyişir və 70-250 avro arasında olur.
Sovet dövrünə gəldikdə isə, həmin dövrdə də uşaqlara görə ödənişlər mövcud idi. Uşaq pulu müxtəlif illərdə 4 manatdan 12 manata qədər dəyişirdi. Məqsəd ananı işə cəlb etmək idi. Bununla yanaşı, dövlət uşaq bağçaları, sosial xidmətlər və digər güzəştlər vasitəsilə ailələrə əlavə dəstək göstərirdi. O dövrdə qiymətlər də fərqli idi, ucuz idi. Məsələn, çörək 16-20 qəpik, süd 28-30 qəpik, ət isə təxminən 3,5-4 manat arasında satılırdı. Buna görə də həmin dövrü bugünkü iqtisadi şərtlərlə birbaşa müqayisə etmək düzgün deyil.
Bir daha vurğulamaq istəyirəm ki, istər uşaq pulu, istərsə də uşaqlarla bağlı digər sosial müavinətlər ölkənin gələcəyinə yönəlmiş investisiyadır. Bu məsələnin cəmiyyətdə müzakirə olunması da tamamilə təbiidir.
Uşaqlara verilən müavinətlər müxtəlif ölkələrdə fərqli qaydada tətbiq olunur. Bir daha qeyd edirəm ki, uşaqlara verilən istənilən müavinət, istər uşaq pulu, istər digər sosial dəstək, bu, ölkənin gələcəyi üçün nəzərdə tutulub. Çünki gələcəkdə ölkəni formalaşdıracaq bugünkü uşaqlardır. Buna görə də biz hamımız uşaqlara göstərilən qayğının, müavinətlərin artırılmasının tərəfdarıyıq.
Bunun üçün əsas şərt odur ki, ölkənin iqtisadiyyatı güclü olsun, dövlət büdcəsində kifayət qədər vəsait formalaşsın. Büdcə imkanları artdıqca, təbii olaraq uşaqlara verilən müavinətlərin də həcmi yüksələ bilər, eləcə də pensiyaların və digər sosial ödənişlərin artırılması mümkün olar. Çünki bütün bu sosial təminat mexanizmləri birbaşa ölkənin iqtisadi gücü və büdcə imkanları ilə bağlıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız