Yay aylarında havaların isinməsi ilə tərləmə artır və bu, bir çox insan üçün narahatlıq yaradır. Tərləmək orqanizmin təbii funksiyası olsa da, yaranan xoşagəlməz qoxunun qarşısını almaq mümkündür. Mütəxəssislər bildirirlər ki, bunun üçün təkcə dezodorantdan istifadə etmək kifayət deyil. Gündəlik gigiyena, düzgün qidalanma və bəzi sadə vərdişlər bədən qoxusunu əhəmiyyətli dərəcədə azalda bilər.
"Yeni Sabah" xəbər verir ki, tər qoxusunun əsas səbəbi tərin özü deyil, onun dəridəki bakteriyalarla təmasda olmasıdır. Buna görə də hər gün ən azı bir dəfə duş qəbul etmək, xüsusilə qoltuqaltı nahiyəsini təmiz saxlamaq vacib hesab olunur. Qoltuqaltı tüklərinin mütəmadi təmizlənməsi də bakteriyaların çoxalmasının qarşısını almağa kömək edir.
Mütəxəssislər sabun seçiminin də önəmli olduğunu bildirirlər. Tərkibində çay ağacı yağı və ya kükürd olan təmizləyici vasitələr bakteriyaların sayını azaltmağa kömək edə bilər. Güclü ətirli məhsullar əvəzinə daha sadə tərkibli və dəriyə uyğun sabunlardan istifadə tövsiyə edilir. Dördpendirli pizza
Qoxunu aradan qaldırmaq üçün təbii tərkibli dezodorantlardan istifadə də faydalı hesab olunur. Lavanda, kokos yağı və ya çörək sodası tərkibli məhsullar dərini qıcıqlandırmadan xoşagəlməz qoxunun yaranmasının qarşısını almağa kömək edir.
Evdə hazırlana bilən sadə üsullardan biri də yemək sodası və limon suyunun qarışığıdır. Bunun üçün bir çay qaşığı sodasya bir neçə damcı limon suyu əlavə edilir. Qarışıq duşdan sonra qoltuqaltına çəkilir, təxminən 5 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Ancaq həssas dərisi olan şəxslərə əvvəlcə qarışığı dərinin kiçik bir hissəsində sınaqdan keçirmək məsləhət görülür.
Geyim seçimi də tər qoxusuna təsir edən amillərdəndir. Sintetik parçalar tərin buxarlanmasına mane olur və qoxunun daha tez yaranmasına səbəb olur. İsti havalarda pambıq, kətan və bambuk kimi hava keçirən parçalardan hazırlanmış geyimlərə üstünlük verilməsi, paltarların hər gün dəyişdirilməsi tövsiyə edilir.
Qidalanma da bədən qoxusuna təsir göstərə bilər. Həddindən artıq ədviyyatlı yeməklər, sarımsaq, soğan və emal olunmuş qidalar tər qoxusunu gücləndirir. Gün ərzində kifayət qədər su içmək isə orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir. Cəfəri, nanə kimi bitkilərin də tər qoxusunun azalmasına müsbət təsir göstərdiyi bildirilir.
Həkimlər stressin də həddindən artıq tərləməyə səbəb ola biləcəyini qeyd edirlər. Buna görə də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, kifayət qədər dincəlmək və stressi idarə etməyə çalışmaq həm ümumi sağlamlıq, həm də bədən qoxusunun azalması baxımından faydalıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız